Araşdırma: Gülnar Əhmədli, Banco.az
Yay mövsümü ilə əlaqədar rayonlara dincəlməyə üz tutanların sayı xeyli artıb. Bakının isti havasından uzaqlaşmaq üçün insanlar daha çox sərin rayonlarda dincəlməyi seçirlər.
Bu məqalədə hər kəs üçün maraqlı olacaq bir mövzunu – regionlarda fəaliyyət göstərən 5 ulduzlu otellərdə qiymətləri araşdırmışıq. Məqaləmiz yaxın günlərdə rayonlara istirahətə getməyi düşünənlər üçün daha maraqlı olacaq. Araşdırmada 1 gecəlik 2 nəfər üçün standart otaqların başlanğıc qiyməti götürülüb. Yayda ən çox səfər edilən rayonlardan olan Qəbələdə otellərin qiyməti müxtəlifdir. Burada 5 ulduzlu otellərin qiyməti 260 manatdan başlayır. "Gabala Garden Hotel"ində hazırda qiymət 260 manatdır. "Qafqaz Riverside Hotel"də 2 nəfərlik standart otaqlar 337 manata, "Qafqaz Tufandag Hotel"də isə otaqlar 349 manata təklif edilir.
Həmçinin oxu: Bölgələrimizdə otellərin qiyməti nə qədərdir? – Araşdırma
Siyahımızda Şəkidən 1 otel qeyd edilib. Yay turizmi üçün ideal məkanlardan biri olan Şəkidə 190 manatla "Marxal Resort & Spa"da 1 gecə keçirə bilərsiniz. Sərin havası ilə Lənkəran və Quba da ən çox seçilən rayonlardandır. Lənkəranda yerləşən "Lankaran Springs Wellness Resort"da qiymətlər 260 manatdan başlayır. Siyahımızda qeyd etdiyimiz otellər arasında 1 gecə üçün ən bahalı qiyməti "Quba Palace Hotel" təklif edir. Belə ki, burada gecələmək üçün 415 manat ödəmək lazımdır. Şabranda yerləşən otelin qiyməti isə (Shabran Wellbeing Resort) 190 manatdır.
Şamaxı da istirahət üçün doğru seçimlərdən biridir. Şamaxıdakı 5 ulduzlu otel "Shamakhi Palace Sharadil"də də qiymətlər müxtəlifdir. Standart otağın qiyməti 252 manatadır. Siyahımızda Şuşadan da otel qeyd edilib. Bu səfalı bölgəmizdə 2 nəfərin gecələsi üçün 230 manata ehtiyac var.
Bütün otellərdə qiymətlərə səhər yeməyi daxildir. Bəzi otellərdə həftəsonu qonaqların sayı daha çox olduğu üçün qiymətlər də həftəiçi ilə müqayisədə nisbətən baha olur.
Bütün qiymətlər və qiymətə daxil olan xidmətlər barədə daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Hazırda bəzi otellərdə 2 və daha çox gecə üçün rezerv edildikdə kampaniyalar da təklif edilir. Onu da qeyd edək ki, qiymətlər otelin doluluq səviyyəsindən, xidmətlərdən, otel otağının mənzərəsindən və s. asılı olaraq dəyişir. Odur ki, səyahət etməzdən minimum 1 həftə öncə otaq bron etməyinizi tövsiyə edirik.
Bizi sosial şəbəkələrdən izləyin!!