Müəllif: Tamara Mustafayeva, Banco.az
Bezos peyk yarışında Maska qarşı 11,57 milyard dollarlıq bir manevr edb.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Amazon" peyk biznesini genişləndirmək məqsədilə peyk şirkəti "Globalstar"ı 11,57 milyard dollar qarşılığında satın almağa hazırlaşır.
Şirkətin qurucusu Ceff Bezos bu addımla hazırda İlon Maskın "Starlink" layihəsinin üstünlük təşkil etdiyi orbit mobil rabitə bazarına daxil olur. "Amazon"dan verilən açıqlamada bildirilib ki, "Apple" şirkətinin “SOS” funksiyasını dəstəkləyən "Globalstar"ın alınması ilə bağlı 11,57 milyard dollar nağd ödəniş əsasında razılıq əldə olunub.
Razılaşmaya əsasən, "Amazon" "Globalstar"ın bütün peyk əməliyyatlarını, infrastrukturunu və mobil peyk xidmətləri üzrə tezlik lisenziyalarını öz nəzarətinə götürəcək. Bu isə şirkətə ilin sonuna planlaşdırılan və yeni inkişaf edən peyk layihəsi olan "Amazon Leo" çərçivəsində birbaşa cihazlara xidmət imkanlarını genişləndirməyə şərait yaradacaq.
Bu açıqlama, "Amazon"un baş icraçı direktoru Endi Cessinin "Amazon Leo" layihəsinin müştəriləri sırasında "Delta Air Lines", "AT&T", "Vodafone", Avstraliya Milli Genişzolaqlı Şəbəkəsi və NASA kimi qurumların yer aldığını vurğulamasından cəmi bir neçə gün sonra yayılıb. Şirkət həmçinin uçuş zamanı yüksək sürətli internet təqdim etməyi hədəfləyən kommersiya təyyarələri üçün nəzərdə tutulmuş yeni peyk internet antenini də nümayiş etdirib.
"Amazon"un planına əsasən, aşağı Yer orbitində 3200-dən çox peyklə fəaliyyətə başlamaq nəzərdə tutulurdu. Lakin layihə gecikmələrlə üzləşib və indiyədək cəmi 200-ə yaxın peyk orbitə çıxarılıb. Şirkət bu səbəbdən cari ilin iyul ayına qədər orbitdə təxminən 1600 peykin yerləşdirilməsini tələb edən son müddətin uzadılması üçün ABŞ-ın Federal Rabitə Komissiyasına müraciət edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
