Müəllif - Eldar Kərimov - Banco.az
Çin internet nəhəngi "Baidu Inc." və dünyanın ən böyük akkumulyator istehsalçısı "Contemporary Amperex Technology" (CATL) bir sıra sahələrdə, o cümlədən pilotsuz avtomobillərin hazırlanmasında tərəfdaşlıq barədə razılığa gəliblər. Bu barədə "CnEVPost" xəbər verib.
Şirkətlər avtonom idarəetmə, rəqəmsallaşdırma, pilotsuz nəqliyyat xidmətlərinin inkişafı və istehsalda süni intellektin (İİ) tətbiqi sahələrində əməkdaşlıq edəcəklər.
Xüsusilə, onlar pilotsuz avtomobillərdə "CATL"ın akkumulyatorlarından və skeytbord platformalarından, həmçinin boşalmış akkumulyatorların sürətli dəyişdirilməsi sahəsində məhsul və xidmətlərindən istifadəni öyrənəcəklər.
Tərəfdaşlar pilotsuz avtomobillər sahəsində rəqabətədavamlı məhsullar və innovativ biznes modelləri hazırlamaq üçün birgə tədqiqat aparacaqlar ki, bu da nəqliyyat xidmətlərinin rahatlığını artırmağa yönəlib, "CATL" bəyan edib.
"Baidu" öz İİ potensialından istifadə edərək "CATL"ın çip, platforma və tətbiqlər kontekstində rəqəmsallaşmasını dəstəkləyəcək.
Bu, iki şirkət arasında ilk tərəfdaşlıqdır.
"SNE Research"ün məlumatlarına görə, 2024-cü ildə "CATL"ın dünyada quraşdırılmış akkumulyatorlarının ümumi gücü 339,3 GVt.saat təşkil edib ki, bu da qlobal göstəricinin 37,9%-nə bərabərdir.
"Baidu" avtonom idarəetmə texnologiyalarını 2013-cü ildən inkişaf etdirməyə başlayıb. Onun "Apollo Go" pilotsuz taksi xidməti Çinin materik hissəsində ondan çox şəhərdə fəaliyyət göstərir.