Azərbaycan orta internet sürətinə görə 2021-ci ildən sonra 154 ölkə arasında 30 pillə irəliləyərək 91-ci pilləyə yüksəlib.
Bunu “”Onlayn Azərbaycan” Rəqəmsallaşmada yeni mərhələ” adlı tədbirdə “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov deyib.
O qeyd edib ki, ötən ilin mart ayına olan ən son məlumatlara əsasən, fiber-optik bağlantıların penetrasiya səviyyəsinə görə dünya ölkələri arasında Birləşmiş Ərəb Əmirlikləri 99,3 % yayılma dərəcəsi ilə birinci yerdə olub.
“İkinci yerdə 95-97% arası göstərici ilə Sinqapurdur. BMT-nin Elektron Hökumət İnkişaf İndeksində Azərbaycan 1 il ərzində 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib. Azərbaycan ölkə tarixində ən yüksək göstərici olan 0,76 xal toplayaraq ilk dəfə rəqəmsal idarəçilik reytinqində ən yüksək kateqoriyaya daxil olub”, - Həsən Ömərov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 2024-cü ilin sonuna qədər təqdim olunan internet sürəti 86 Mbps olub:
“Bundan əlavə, ölkədə orta internet sürəti 4 dəfə artaraq keçən ilin sonuna 66 Mbps-ə çatdırılıb”.
apa