Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“ADY və hökumət zaman-zaman Balakən - Tbilisi marşrutu ilə bağlı müzakirələr aparır və bu layihənin reallaşması ölkə üçün strateji əhəmiyyət kəsb edir”.
Banco.az xəbər verir ki, bu açıqlamanı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz verib.
O, Bakı-Balakən qatarının işə salınma perspektivindən və Balakən - Tbilisi dəmir yolu layihəsinin həyata keçə biləcəyindən bəhs edib.
Osman Gündüz qeyd edib ki, ADY və hökumət zaman-zaman Balakən - Tbilisi marşrutu ilə bağlı müzakirələr aparır və bu layihənin reallaşması ölkə üçün strateji əhəmiyyət kəsb edir:
“ Hazırda Azərbaycanın şimal-qərbində dəmir yolunun son stansiyası Balakəndir. Bu stansiya keçən əsrin 80-ci illərində işə salınıb. Balakən stansiyasından Gürcüstan sərhədindəki Siteli-Sigaro stansiyasına qədər məsafənin isə təxminən 25-30 km-dir. Bu qısa məsafənin dəmir yolu ilə birləşdirilməsi nəticəsində Bakı-Balakən-Tbilisi kimi yeni bir alternativ dəmir yolu marşrutu yaranacaq”.
Osman Gündüz düşünür ki, hazırda Bakı-Balakən xəttinin Yevlaxa qədər olan hissəsinin tam işlək vəziyyətdə olduğunu və Yevlax-Balakən dəmir yolunun bərpası istiqamətində işlərin sürətlə davam edir:
“Bu xəttin ən böyük problemi uzun illər bərbad vəziyyətdə olması və qatarların orta sürətinin 35-40 km/saat təşkil etməsi olub.
Hazırda ADY rəhbərliyi Yevlax-Balakən xəttinin bərpası ilə bağlı işlərə diqqət yetirir və relslərin dəyişdirildiyini, yol işləri aparır. İndiki şəraitdə qatar sürətini 80 km/saat səviyyəsinə qaldırmaq və bu xətt üzərində daha modern, kiçik modul tipli xidmət mərkəzləri qurmaq daha məqbul olar”.
O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda ADY Balakən istiqamətində bərpa işlərini başa çatdıraraq 5 ildir işləməyən Bakı-Balakən qatar marşrutunu yenidən işə salacaq.