Azərbaycanda səhm bazarının inkişafı hansı səviyyədədir? | Banco.az

Azərbaycanda səhm bazarının inkişafı hansı səviyyədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Azərbaycanda səhm bazarının inkişafından hələ söhbət gedə bilməz. Səhm bazarının payı ÜDM-də çox kiçikdir və bazar həcmi əksər inkişaf etmiş bazarlarla müqayisədə çox aşağı səviyyədədir".

Bunu Banco.az-a açıqlamasında iqtisadçı alim Vüsalə Əhmədova deyib.

İqtisadçının sözlərinə görə, bazar kapitalizasiyası ÜDM‑a nisbətdə təxminən 2.2% təşkil edir:

"Bazarda ən aktiv seqmentlər dövlət qiymətli kağızları və repo əməliyyatlarıdır, real sektor şirkətlərinin səhmlərinin ticarəti azlıq təşkil edir. İl ərzində səhmlərin ümumi alqı‑satqı həcmi təxminən 82.6 min manatdan bir qədər artıqdır. Bu da real səhm bazarı əməliyyatlarının bazarın ümumi həcminin çox kiçik hissəsini təşkil ediyini göstərir. Bazar likvidliyi daha çox qısa müddətli maliyyə alətlərinə fokuslanıb. Azərbaycan səhm bazarı regional və qlobal bazarlara demək olar ki, inteqrasiya etməyib.

Ən əsası, rəsmi ticarət platforması olan Bakı Fond Birjası beynəlxalq standartlara uyğun fəaliyyət göstərməyə çalışsa da, onun qlobal maliyyə mərkəzləri ilə dərin inteqrasiyası hələ gerçəkləşməyib. Birjada listinqdə olan iri, şəffaf və ictimai şirkətlərin sayı azdır. Statistikaya görə, təxminən 36 şirkət 2024‑cü il üzrə listinqdədir. Bu göstərici dünya ölkələri ilə müqayisədə çox aşağıdır. Böyük dövlət və ya özəl şirkətlərin əksəriyyəti səhmlərini açıq bazara çıxarmayıb. Məsələn, New York Stock Exchange və London Stock Exchange kimi birjalar minlərlə iri şirkəti cəmləşdirir. Nəzərinizə çatdırım ki, güclü birja, güclü şirkət bazası üzərində qurulur. Ölkəmizdə isə, aktiv alıcı kütləsi, xüsusilə fərdi və institusional investorlar bazarda çox deyil.

Bu da investor likvidliyini və əməliyyat həcmini məhdudlaşdırır".

V. Əhmədovanın sözlərinə görə, Azərbaycan iqtisadiyyatı əsasən enerji sektoruna bağlı olduğu üçün, birjada təmsil olunacaq müxtəlif sektor şirkətləri də azdır:

"Alıcı və satıcı sayı az olanda əməliyyat həcmi də aşağı olur. Likvidlik zəif olduqda xarici investorlar bazara maraq göstərmir. Beynəlxalq investorlar üçün kapitalın sərbəst hərəkəti və hüquqi sabitlik əsas şərtdir. Əslində, birja iqtisadiyyatın güzgüsüdür, əvvəl güclü və açıq iqtisadi model formalaşır, sonra güclü fond bazarı yaranır. Bir ölkənin fond bazarının qlobal inteqrasiyası üçün, xarici investorların asan giriş-çıxışı, xarici şirkətlərin yerli birjada listinqi (cross-listing), yerli şirkətlərin xarici birjalarda listinqi, qlobal indekslərə daxilolma, beynəlxalq klirinq və depozitar sistemlərinə qoşulma təmin edilməlidir.

Fərdi investorların bazara qoşulmasını stimullaşdıran proqramlar həyata keçirilməlidir. Real sektor müəssisələrinin səhmlərinin listinqini təşviq etmək lazımdır. Bazarda daha çox müxtəlif maliyyə alətlərinin tətbiqi ilə əməliyyat həcmi artırılmalıdır. İnvestorlar üçün bir digər əsas məsələ hüquqi qorunma və maliyyə hesabatlarının şəffaflığıdır. Bu sahədə beynəlxalq standartlara tam uyğunlaşma bazarın cəlbediciliyini artırar".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram