"Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılacaq" | Banco.az

"Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılacaq"

Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılacaq.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurumun 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya 2026–2029-cu illəri əhatə edir və sənəd çərçivəsində 3 məqsəd, 9 prioritet istiqamət və 50 təşəbbüs müəyyənləşdirilib.

F.Cəfərov bildirib ki, təşəbbüslər biznes, cəmiyyət və dövlət istiqamətləri üzrə bölüşdürülüb: "Ümumilikdə təşəbbüslərin 26-sı biznes, 15-i cəmiyyət, 9-u isə dövlət üzrə nəzərdə tutulub. Əsas hədəf rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, mövcud bizneslərin rəqəmsallaşmasının sürətləndirilməsi və yeni rəqəmsal biznes modelləri vasitəsilə əlavə dəyərin yaradılmasıdır".

O qeyd edib ki, strategiyanın icrası nəticəsində yüzlərlə müəssisənin rəqəmsal transformasiya proqramlarına cəlb olunması, yeni startapların yaradılması və İKT üzrə yüksək ixtisaslı mütəxəssislərin payının artırılması nəzərdə tutulur: "Strategiyanın icrası nəticəsində 300 müəssisənin rəqəmsal transformasiya proqramlarında iştirakı, 250 yeni startapın yaradılması, 200 KOB-un rəqəmsal bazarlara çıxışı və 40 min vətəndaşın təlimlərə cəlb olunması nəzərdə tutulur".

İcraçı direktorun sözlərinə görə, generativ süni intellekt əsaslı həllər vasitəsilə 70 milyon manat dəyərin yaradılması planlaşdırılır.

report