Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin büdcədəki payı 70 %-ə çatdırılacaq | Banco.az

Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin büdcədəki payı 70 %-ə çatdırılacaq

2029-cu ildə Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin icmal büdcəsindəki payının 69-70% -ə çatdırılması hədəflənir.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

"Azərbaycan iqtisadiyyatının, eyni zamanda Azərbaycan büdcəsinin neft-qazdan asılılığını minimuma endirməliyik və qeyri-neft-qaz sektorunun inkişafına xüsusi dəstək verməliyik. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu, bizim 2026-cı il və növbəti üç il üzrə hazırladığımız xərclər çərçivəsinin və büdcə zərfinin ana parametrlərindən biridir.

Əgər rəqəmlərə nəzər salsaq, görəcəyik ki, gələn il icmal büdcədə Azərbaycanda qeyri-neft gəlirlərin payı cari illə müqayisədə 5% bənd artaraq 63%-ə çatacaq. Və demək olar ki, biz növbəti il icmal büdcəmizin 1/3-ni qeyri-neft-qaz sektorunun hesabına təmin edəcəyik. Və bu tendensiya davam edəcək. 2029-cu ilə bizim proqnozumuz xərclər çərçivəmiz daxilində həmin rəqəmin 69-70%-ə çatdırılmasıdır. Və bu istiqamətdə atılacaq silsilə addımlar əlbəttə ki, ölkəmizin neft-qazdan asılılığının daha da aşağı salınmasına imkan verəcək və qeyri-neft-qaz sektorunun inkişafının daha geniş vüsət almasına bir şərait yaradacaq", - deyə o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsi hazırlanarkən ana prinsip iqtisadi artımın davamlı təmin edilməsi olub: "Dövlət başçısının qarşımızda büdcə siyasəti olaraq qoyduğu əsas hədəflər bir neçə ana prinsipə əsaslanırdı. 2026-cı il və növbəti üç il üzrə dövlət büdcəsi, icmal büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər hazırlanan zaman ana prinsiplərimiz ilk növbədə ölkəmizin müdafiə və təhlükəsizliyinin tam şəkildə təmin olunması, işğaldan azad olunmuş ərazilərimizin sürətli şəkildə bərpa olunması, vətəndaşlarımızın ora layiqli geri dönüşünün təmin edilməsi, əhalimizin rifahının daha da yaxşılaşdırılması, əlbəttə ki, iqtisadi artımımızın davamlı olaraq təmin edilməsi, makro-iqtisadi və fiskal dayanıqlılığımızın daha da gücləndirilməsi idi. Və bu prinsiplərdən irəli gələrək 2026-cı il büdcəsi və növbəti üç il üçün bizim xərclər çərçivəmiz hazırlanıb".