Müəllif: Gülnar Əhmədli, Banco.az
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə isə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.
Fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçünsə 100 manat dövlət rüsumu alınacaq.
Bəs bu qərar qiymətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Banco.az-a danışıb.
Onun sözlərinə görə, istənilən rüsum, aksiz vergisi və s. artımı qiymətləri artıran faktordur:
“Əgər aksiz vergisi artırılırsa, və yaxud da qeydiyyat rüsumu artırılırsa, istənilən halda bu, mobil telefonların Azərbaycan bazarında bahalaşmasına səbəb olacaq.
Yəni, heç bir sahibkar, heç bir iş adamı öz cibindən rüsum, vergi, aksiz ödəmir. Ödədiyi bütün rüsumları, aksizləri və vergiləri sonda satdığı məhsulun üzərinə gəlir.
Bu məntiqlə düşünsək, təbii ki, qiymət artımı gözləniləndir”.
Qeyd edək ki, vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir. Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar olan telefonu gətirirsə, 800 dollar çıxılır və 36% rüsum yalnız yerdə qalan 200 dollardan ödənilir.
Həmçinin, mobil cihazların qeydiyyata alınması zamanı aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq edilir:
1. Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 15 manat.
1. bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 20 manat;
2. bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 30 manat;
3. bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 40 manat;
4. bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 50 manat;
5. bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 70 manat;
6. bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat.
Bizi sosial şəbəkələrdən izləyin!!
