Azərbaycanda 2033-cü ilə qədər bərpa olunan enerji layihələrinin ümumi gücünün 8 qiqavata çatacağı proqnozlaşdırılır.
Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.
"Vacib məqam odur ki, neft və qaz layihələri tarixən hasilatın pay bölgüsü sazişlərinə əsaslandığı halda, bərpa olunan enerji layihələri tamamilə Azərbaycanın milli qanunvericiliyi ilə tənzimlənir. Bu da investorların hüquqi və normativ bazamıza olan inamını əks etdirir.
2030-cu ilə qədər bərpa olunan enerji layihələrinin ümumi gücünün 6 qiqavata, 2033-cü ilə qədər 8 qiqavata çatacağını proqnozlaşdırırıq. Bu genişlənmə təbii olaraq elektrik enerjisi profisiti yaradacaq ki, bu da hazırda inkişafın müxtəlif mərhələlərində olan dörd interkonnektor (birləşdirici xətt) vasitəsilə ixrac edilə bilər", - deyə o qeyd edib.
C.Abdullayevin sözlərinə görə, Azərbaycan günəş və külək enerjisi ilə paralel olaraq digər bərpa olunan resursları da araşdırır: "Hidrogen istehsalı ilə bağlı məsələlərə xüsusi diqqət yetiririk. Bir sözlə, Azərbaycanın bərpa olunan enerji strategiyası bizim davamlı inkişafa, enerji təhlükəsizliyinə və iqlim məsuliyyətinə sarsılmaz sadiqliyimizi əks etdirir. Biz zəngin milli potensialımızı iqtisadi artım, ekoloji idarəçilik və regional əməkdaşlıq üçün real imkanlara çeviririk".
report
