Azərbaycana turist axını niyə azalıb? | Banco.az

Azərbaycana turist axını niyə azalıb?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 183 ölkədən 1 milyon 948,2 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % azdır.

Bəs Azərbaycana turist axını niyə azalıb? 

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov deyir ki, mənfi dinamikanın formalaşmasına son illər dünyada gedən proseslər, o cümlədən müxtəlif ölkələr arasındakı münaqişələr birbaşa təsir edib: "Bu il turizm sənayemiz üçün çətin ildir. Mövsümün başlanğıcında Hindistan–Pakistan, İran–İsrail qarşıdurmaları və digər hadisələr Azərbaycana gələn turistlərin sayına təsirsiz ötüşmədi. 9 ayda azalma 2 %-ə yaxın olsa da, onlayn satışlarda 30–40 % civarındadır".

Ekspertin sözlərinə görə, xaricdən ölkəyə gələnlərin sayının azalmasına baxmayaraq, daxili bazarda turizm xidmətinə tələbat sabit qalıb: "Dünyada qiymətlərin artması, xarici turpaketlərin bahalaşması və quru sərhədlərin bağlı olması bir çox vətəndaşı ölkədə istirahət etməyə yönəldib. Bu prosesə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni portalının istifadəyə verilməsi müsbət təsir göstərib və daha çox insan regionlarda istirahət imkanlarından yararlanıb".

C. Aşurov əlavə edib ki, regionlara maraq xüsusilə yay mövsümündə nəzərəçarpacaq dərəcədə artıb: "Bu, həm hotellərin doluluq göstəricilərində, həm də kənd evləri, villalar və "A-frame" tipli evlərə tələbatda özünü göstərib. Xüsusən ailəvi və qrup şəklində səyahət edən turistlər üçün bu alternativlər daha əlverişli qiymətə başa gəldi. Əlavə olaraq, ənənəvi qohum-dost ziyarətləri də yay mövsümündə əvvəlki illərdə olduğu kimi böyük rol oynadı".

Bundan başqa, onun sözlərinə görə, turizmdə narazılıqlar əsasən nəqliyyat sahəsi ilə bağlıdır: "Taksi xidmətlərinin keyfiyyəti, ictimai nəqliyyatda gecikmələr və sıxlıq daha çox qeyd olunur. Yerləşmə və iaşə xidmətlərində isə əsasən region hotelləri ilə bağlı şikayətlər eşidilir. Turizmin dayanıqlı inkişafı üçün kompleks yanaşma zəruridir. Bu, kadr hazırlığı, yeni kənd evləri və hotellərin təşviqi, rəqabətli qiymətlərin və keyfiyyətli xidmətin təmin edilməsi ilə mümkündür. Burada peşəkarların hazırlanması və mütəmadi təlimlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

C.Aşurov qeyd edib ki, hazırda ölkənin müxtəlif bölgələrində 9 regional turizm idarəsi fəaliyyət göstərir, o cümlədən yeni yaradılan Naxçıvan idarəsi də bu prosesə əlavə dəstək verir: "Bu idarələrin məqsədi regionlarda turizmin təşviqi, inkişafı və koordinasiyasıdır. Onlar həmçinin təlimlər təşkil edir, böyük tədbirlər öncəsi kadrların hazırlanmasına və təkmilləşdirilməsinə dəstək verirlər. Bu təşəbbüslər gələcəkdə regionlara daha çox turistin cəlb olunmasına şərait yaradır. Xidmət keyfiyyəti, ədalətli rəqabət və peşəkarlığın artırılması sektorun gələcək inkişafında əsas prioritetlərdir".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi isə bildirir ki, hazırkı azalma kəskin deyil və bu, pandemiyadan sonrakı sabitləşmə mərhələsinə keçidi göstərir: "Regionda valyuta məzənnələrinin dəyişməsi, aviabiletlərin bahalaşması və qonşu ölkələrdəki geosiyasi proseslər də bu dinamikanın formalaşmasına təsir göstərib".

Ekspert əlavə edib ki, yay mövsümündə turistlərin əhəmiyyətli hissəsi hotellərdə qalsa da, kirayə mənzillərə və qohum evlərinə üstünlük verənlərin payı da artıb: "Bu meyil bir tərəfdən bazarın diversifikasiyasını göstərsə də, digər tərəfdən kiçik hotellər və rəsmi yerləşdirmə vasitələri üçün qeyri-ədalətli rəqabət mühiti yaradır. Çünki kirayə evlər sektoru hələlik vahid hüquqi və texniki tənzimləməyə tabe deyil, vergi, təhlükəsizlik və xidmət keyfiyyəti baxımından fərqli şərtlərdə fəaliyyət göstərir. Bu sahədə sistemli normativ çərçivənin yaradılması turizm bazarının şəffaf və dayanıqlı inkişafı üçün vacib addımdır".

S. Dübəndi vurğulayıb ki, bazarda şəffaflıq və vahid qaydaların formalaşdırılması Azərbaycan turizminin beynəlxalq rəqabət qabiliyyətini artıracaq.

Bir sözlə, ekspertlərin qənaətinə görə, turizm Azərbaycanın qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Bu sahənin inkişafı təkcə gəlirlərin artımına deyil, həm də regionlarda məşğulluğun, sahibkarlığın və infrastrukturun güclənməsinə mühüm töhfə verir. Ardıcıl görülən tədbirlər Azərbaycanın beynəlxalq turizm bazarında mövqeyini gücləndirəcək və ölkəmizi dayanıqlı, təhlükəsiz və qonaqpərvər turizm məkanı kimi daha da tanıdacaq.

report