Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda gender bərabərliyinin inkişaf etdirilməsinin ən yaxşı istedadları cəlb etmək, məhsuldarlığı artırmaq və davamlı biznes təcrübələrini təşviq etmək üçün vacib olduğunu başa düşür.
Bunu AMB-nin Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Ümeyrə İbrahimova qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakıda keçirilən "Ring the Bell for gender equality" ("Gender bərabərliyi üçün zəngi çalın") adlı tədbirdə bildirib.
"AMB son bir neçə ildə bu məsələyə xüsusi diqqət yetirib. İşçilərimizin 39,7 %-ni qadınlar təşkil edir. 156 rəhbər vəzifədən 46-nı qadınlar tutur, o cümlədən sədr müavini, icraçı direktor, departament direktorları və bu kimi vəzifələrdə qadınlar təmsil olunur. 14 əsas departamentdən 6-na qadınlar rəhbərlik edir", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisi deyib ki, son illər Azərbaycanda bank, sığorta, kapital bazarı daxil olmaqla, müxtəlif maliyyə sektorlarına qoşulan və qoşulmaqda maraqlı olan qadınların sayında davamlı artım müşahidə edilir: " Qadınların inzibati vəzifələrdən tutmuş rəhbər vəzifələrə qədər iş yerində daha çox yer tutduğunu görmək həyəcanvericidir. Qadınlar qərar qəbul edən vəzifələrdə getdikcə daha çox təmsil olunurlar ki, bu da daha böyük gender bərabərliyinə doğru əhəmiyyətli bir addımdır. Amma hələ də görüləsi çox iş var. İnanıram ki, bir gün hər iki cins üçün bərabər imkanların olduğu dünyada yaşayacağıq. Ancaq, təəssüf ki, bərabər işlərdə hələ də əmək haqqı fərqi var. Stereotiplər hələ də böyük rol oynayır. Bu, dəyişdirməli olduğumuz bir şeydir. Nəticə olaraq, maliyyə sektorunda gender bərabərliyini təşviq etməkdə mühüm addımlar atmışıq, lakin görüləsi çox iş var".
report