"Hal-hazırda Rusiyadan fərqli olaraq, Azərbaycanda milli valyutadan imtina tendensiyası qeydə alınmır. Əksinə, son illərin statistikası bütün göstəricilər üzrə manatın payının artdığını göstərir". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı açıqlamasında səsləndirib.
"Bu o deməkdir ki, manat cari vaxt üçün etibarlı valyuta hesab olunur. Manat Mərkəzi Bank tərəfindən müdafiə olunduğu üçün vətəndaşlarımız məhz bu valyutaya üstünlük verirlər. Avroya gəldikdə isə Azərbaycanda avro yüksək reytinqə malik deyil: bütün göstəricilər üzrə təxminən 4-5%. Əvvəllər əhali avroya nisbətən dollardan daha çox istifadə etsə də, dolların məzənnəsi azaldıqdan sonra manata daha çox diqqət ayıran şəxslərin sayı artıb.
Digər etibarlı valyutalara gəldikdə isə ilk növbədə bizə qonşu olan ölkələrdə, eləcə də ticarət əlaqələri saxladığımız ölkələrdə istifadə olunan valyutalara diqqət yetirmək lazımdır. Müasir dövrdə yuan bütün dünyada ən etibarlı valyutalardan biri hesab olunsa da, Azərbaycanda bu valyuta populyar deyil. Bu valyuta, adətən, Çindən məhsul alan şəxslər tərəfindən istifadə olunur. İran realının vəziyyəti isə rus rublu ilə müqayisədə, daha acınacaqlıdır.
Türk lirəsi daha çox dollardan asılı olsa da, bu ölkədə avrodan da kifayət qədər geniş miqyasda istifadə olunur. Funt sterlinq kimi sərbəst valyuta alternativ variant qismində çıxış edə bilər. Lakin ölkəmizdə bu valyutadan istifadə olunmur. Azərbaycanda daha çox dollar və rubldan istifadə edilir. Rubl daha çox Rusiya ilə sərhəd olan ərazilərdə xüsusi populyarlıqla istifadə olunur", deyə ekspert məsələyə aydınlıq gətirib.
Samir Əliyev daha öncə qeyd olunan fikirləri nəzərə alaraq, qeyd edib ki, Azərbaycanda manatın məzənnəsi stabil olaraq qaldığı təqdirdə, əhalinin başqa bir valyutaya üstünlük verməsi həqiqətə uyğun deyil.
Sevinc İbadova/Banco.az