Azərbaycan Kredit Bürosu ad gününü qeyd edir | Banco.az

Azərbaycan Kredit Bürosu ad gününü qeyd edir

Azərbaycan Kredit Bürosu (AKB) yaradılmasının növbəti ildönümünü qeyd edir. AKB 15 yanvar 2018-ci il tarixində ölkənin 8 aparıcı bankının təsisçiliyi ilə yaradılmış və ötən dövr ərzində maliyyə inklüzivliyinin artırılması və maliyyə sabitliyinin təmin edilməsi üzrə mühüm institutlardan birinə çevrilmişdir.

Hazırda AKB 280-dən artıq tərəfdaş təşkilatla əməkdaşlıq edir və maliyyə sektorunun əsas iştirakçıları üçün 40-dan çox xidmət və məhsul təqdim etməkdədir. Bu xidmətlər kredit hesabatları, skor hesabatları, analitik və bençmark hesabatlar, portfel və risk analizi üzrə data-əsaslı həlləri əhatə edir.

AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır və emal edir. Büro məlumat istifadəçilərinə potensial müştərilərin qiymətləndirilməsi, mövcud müştərilərin davranışlarının monitorinqi və kredit portfellərinin effektiv idarə olunması üçün müasir analitik alətlər təqdim edir. Bu yanaşma maliyyə institutlarının risklərinin minimallaşdırılmasına və qərarvermə proseslərinin daha obyektiv qurulmasına imkan yaradır.

AKB öz fəaliyyətini beynəlxalq səviyyədə də uğurla davam etdirir. Belə ki, AKB hazırda 11 ölkədən 14 kredit bürosunu əhatə edən Avrasiya Kredit Məlumatları Təchizatçıları Assosiasiyasına (ACIPE) sədrlik etməklə regional miqyasda qabaqcıl təcrübələrin təşviqində və kredit məlumatları sahəsində əməkdaşlığın genişləndirilməsində fəal iştirak edir.

Eyni zamanda, AKB-nin rəqəmsal transformasiya strategiyasının əsas komponentlərindən biri olan Findoc portalı artıq 170 mindən çox istifadəçini əhatə edir və ölkə vətəndaşlarına, hüquqi şəxslərə, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə Büroda toplanmış kredit məlumatlarına 7/24 əsaslarla və tamamilə rəqəmsal çıxış imkanı yaradır.

Gələcək mərhələdə AKB data-əsaslı qərarvermə mexanizmlərinin gücləndirilməsi, analitika və süni intellekt əsaslı həllərin genişləndirilməsi, habelə maliyyə sektorunun dayanıqlı və inklüziv inkişafını dəstəkləyən innovativ məhsul və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.

Bu əlamətdar gün münasibətilə AKB-nin kollektivini və tərəfdaşlarını təbrik edir, gələcək fəaliyyətində davamlı uğurlar arzulayırıq.