Azərbaycan kapital bazarında hər zaman yenilikçi təşəbbüsləri ilə seçilən "Unicapital İnvestisiya Şirkəti" ASC bu dəfə də mühüm bir layihədə aparıcı tərəfdaş qismində çıxış edir. Belə ki, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB/EBRD) istiqraz buraxılışının anderrayteri oldu.
Buraxılışın əsas yeniliyi – faiz gəlirlərinin üzən mexanizm əsasında hesablanmasıdır. Bu, investorlar üçün bazar şərtlərinə uyğun gəlirlilik imkanı yaradır və portfelin bazar dəyişikliklərinə çevik reaksiya verməsini təmin edir.
Azərbaycan kapital bazarında ilk dəfə buraxılacaq üzən faizli istiqrazlar 12 aylıq müddətə, ümumilikdə 50 milyon manat həcmində emissiya ediləcək. Emitentin AAA (Fitch) beynəlxalq reytinqə malik olması isə bu aləti xüsusilə etibarlı edir.
Qeyd edək ki, ölkəmizin EBRD ilə əməkdaşlığı 1992-ci ildən başlayır. O vaxtdan bəri Bank ölkədə 200-ə yaxın layihəyə maliyyə dəstəyi göstərib və 4 milyard avrodan artıq sərmayə yatırıb.
Unicapital maliyyə alətlərinin şaxələndirilməsi baxımından bir ilk hesab edilən bu əhəmiyyətli layihənin bir hissəsi olmaqdan qürur duyur. Beynəlxalq təcrübəyə əsaslanan peşəkar anderraytinq xidməti ilə şirkət korporativ və institusional investorlar üçün gələcəkdə də çevik və cəlbedici investisiya imkanları yaratmağa davam edəcək.