AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb.
Bu barədə AZAL-ın "X" sosial səhifəsindəki paylaşımında bildirilib.
"Azərbaycanın milli aviadaşıyıcısı AZAL ilə Israilin "El Al" aviaşirkəti arasında yeni tərəfdaşlığı elan etməkdən məmnunluq duyuruq!
Bu əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri kod-şer razılaşması əsasında “EL AL” və “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən reyslərdən yararlana biləcəklər. “EL AL” aviaşirkətinin kodu (LY) “Azərbaycan Hava Yolları”nın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.
Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə bilərsiniz", - deyə AZAL-dan bildirilib.