Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb.
Məlumata görə, bəzi istiqamətlərdə yollar buz bağladığından nəqliyyat vasitələrinin sürət həddi aşağıdır. Bu səbəbdən avtobuslararası intervallarda artım müşahidə edilə bilər.
Qeyd edək ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün işlər həyata keçirilir.
