Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, Aİ Şurası Rusiyanın Ukraynanı sabitsizləşdirən fəaliyyətlərinə görə ilk dəfə 2014-cü ildə tətbiq olunmağa başlanan məhdudlaşdırıcı tədbirlərin müddətinin 2026-cı il yanvarın 31-dək uzadıldığını elan edib.
Bəyanatda qeyd olunub ki, Aİ-nin sanksiyaları Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra əhəmiyyətli dərəcədə genişləndirilib.
Aİ-nin sanksiyaları çərçivəsində Rusiyaya ticarət, maliyyə, neft və kömür daxil olmaqla enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks məhsullar, habelə qızıl və almazı əhatə edən geniş sahələr üzrə məhdudiyyətlər tətbiq olunur.
Dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə idxalına qoyulan qadağa, bəzi Rusiya banklarının beynəlxalq ödəniş sistemi SWIFT-dən çıxarılması və bir çox media qurumunun fəaliyyətinin dayandırılması da sanksiyalar sırasındadır.
Aİ, müharibə səbəbilə indiyədək Rusiyaya qarşı 17 sanksiya paketi həyata keçirib.
Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır.
Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qeyri-qanuni şəkildə ilhaq etmişdi. Aİ Rusiyaya qarşı iqtisadi sanksiya qərarını ilk dəfə 2014-cü ildə qəbul etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!