Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Apple” korporasiyası 2026-cı ilin ikinci yarısında ilk qatlana bilən smartfonunu təqdim etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “MacRumors”, insayder və “Display Supply Chain Consultants”ın rəhbəri Ross Yanqın sözlərinə istinadən məlumat yayıb.
Yanq, qatlanan smartfon bazarının 2026-cı ildə 30%-dən çox artacağını, 2027 və 2028-ci illərdə isə 20% artmağa davam edəcəyini hesab edir. Bu, qatlanan cihazlar üçün rekord dövr ola bilər.
“Apple”ın qatlana bilən “iPhone” hazırlayacağı ilə bağlı şayiələr uzun müddətdir ki yayılır. Bəzi analitiklər şirkətin ilk qatlanan smartfonunu 2026-cı ilin sentyabrında təqdim edəcəyini qeyd edirlər.
Cihazın ölçüsü 7,9 ilə 8,3 düym arasında dəyişə bilər və o, “Samsung Galaxy Z Flip” kimi qapaqlı dizayna sahib olacaq. Açılan zaman smartfon adi “iPhone”un funksiyalarını təkrarlayacaq, qatlanmış vəziyyətdə isə “Apple” başqa istifadə halları ilə çıxış edəcək.