Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın "Anthropic" şirkətinin hazırladığı süni intellekt çatbotu "Claude" bütün istifadəçilər üçün yeni yaddaş funksiyasını istifadəyə verib.
Banco.az xəbər verir ki,şirkətin açıqlamasına görə, artıq bütün istifadəçilər əvvəlki söhbətlərin kontekstini saxlayan bu funksiyadan pulsuz yararlana biləcəklər. İndiyə qədər bu imkan yalnız ödənişli abunəçilər üçün mövcud idi. Yenilik bazar ertəsindən etibarən istifadəyə açılıb.
"Anthropic" bildirir ki, son vaxtlar platformaya maraq xeyli artıb və şirkət yeni istifadəçiləri sistemdə saxlamağı əsas hədəflərdən biri kimi görür. Yaddaş funksiyası istifadəçinin əvvəlki söhbətlərini xatırlayaraq daha uyğun və fərdiləşdirilmiş cavablar təqdim etməyə imkan verir.
Şirkət həmçinin istifadəçilər üçün başqa bir yenilik də təqdim edib. Belə ki, digər süni intellekt çatbotlarında olan əvvəlki söhbətləri sadə “copy–paste” üsulu ilə "Claude" platformasına köçürmək mümkün olacaq. Bu xüsusiyyət xüsusilə "ChatGPT" kimi platformalardan keçid edən istifadəçilər üçün nəzərdə tutulub.
"Anthropic" qeyd edir ki, son dövrlər şirkətin məhsullarına maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu artım ABŞ hökuməti ilə şirkət arasında yaranan müzakirələrdən sonra daha da diqqət çəkib.
Məlumata görə, Donald Tramp federal agentliklərə "Claude" sistemindən istifadəni dayandırmaq barədə göstəriş verib.
Buna baxmayaraq, "Anthropic" istehlakçılar üçün nəzərdə tutulan məhsullarını inkişaf etdirməyə davam etdiyini bildirir.
