Amerika şirkətləri Azərbaycanın dəstəklənməsi məqsədilə neft-qaz sektorunda öz rollarını genişləndirmək imkanlarını araşdırmağa davam edirlər
Bunu ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.
“Biz anlayırıq ki, Azərbaycanın neft-qaz sektoru artıq işlənmiş Xəzər yataqlarında hasilatın maksimuma çatdırılmasına, eləcə də daxili istehlak və ixrac üçün quruda və şelfdə yeni neft və qaz mənbələrinin axtarışı və işlənməsinə yönəlib. Bu imkanlara 2025-ci ildə "ExxonMobil" ilə SOCAR arasında qeyri-ənənəvi qurudakı neft-qaz ehtiyatlarının tədqiqi, işlənməsi və hasilatı üzrə imzalanmış Anlaşma Memorandumu daxildir. Həmçinin ixrac neft və qaz kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması variantları nəzərdən keçirilir. Amerika şirkətləri bu layihələrdə Azərbaycanın dəstəklənməsi məqsədilə artıq əhəmiyyətli olan neft-qaz fəaliyyətlərində öz rollarını genişləndirmək imkanlarını araşdırmaqda davam edirlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın mətnində Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynadığı bildirilir.
“Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları neft, qaz və elektroenergetika sektorları da daxil olmaqla enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər”, - deyə sənəddə qeyd olunur.
Tərəflər interkonnektorlar üzrə birgə layihələrin həyata keçirilməsini, tədarük marşrutlarının şaxələndirilməsini və mülki nüvə energetikası sahəsində əməkdaşlığın dərinləşdirilməsini planlaşdırırlar.
Trend
