Alphabet-in dərmanların İA vasitəsilə hazırlanması ilə məşğul olan “qızı” 600 milyon dollarlıq investisiya raundu keçirdi | Banco.az

Alphabet-in dərmanların İA vasitəsilə hazırlanması ilə məşğul olan “qızı” 600 milyon dollarlıq investisiya raundu keçirdi

Müəllif - Fərid islamov - Banco.az

 Alphabet Inc.-in süni intellekt vasitəsilə dərman preparatlarının hazırlanması ilə məşğul olan törəmə şirkəti Isomorphic Labs ilk investisiya raundunu keçirərək investorlar tərəfindən 600 milyon dollar cəlb edib.

Isomorphic Labs-in açıqlamasına görə, maliyyələşdirmə raundunun əsas investoru Thrive Capital vençur şirkəti olub. Raundda həmçinin Alphabet-in investisiya bölməsi GV və birbaşa olaraq Alphabet özü iştirak edib.

İnvestisiya raundu çərçivəsində Isomorphic Labs-in qiymətləndirilməsi ilə bağlı məlumatlar açıqlanmayıb.

Şirkət əldə olunan vəsaiti tədqiqat və inkişaf işlərinə, həmçinin komandasının genişləndirilməsinə yönəltməyi planlaşdırır.

Isomorphic Labs, 2021-ci ildə Alphabet-in 2014-cü ildə əldə etdiyi İA startapı DeepMind-dən ayrılaraq yaradılıb. Şirkət, protein strukturlarını dəqiq proqnozlaşdıra bilən AlphaFold adlı İA platformasının yaradıcısıdır. Bu, dərmanların hazırlanmasında mühüm mərhələ hesab olunur.

Keçən il Isomorphic Labs, Novartis AG və Eli Lilly and Co. adlı əczaçılıq şirkətləri ilə tərəfdaşlıq sazişləri bağladığını elan etmişdi.