Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyada hökumətin tapşırığı ilə fəaliyyət göstərən və rəqəmsal mühitdə uşaqların və gənclərin qorunması üzrə tövsiyələr hazırlayan ekspert komissiyası 13 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinə məhdudiyyətlərin tətbiqini təklif edib.
Banco.az xəəbr verir ki, komissiyanın hazırladığı hesabatda qeyd olunur ki, sosial media platformaları xidmətlərini istifadəçilərin yaş xüsusiyyətlərinə uyğun şəkildə tərtib etməli, uşaqlar və yeniyetmələr üçün yarana biləcək riskləri sistemli şəkildə azaltmaq məsuliyyəti daşımalıdır.
Hesabatda uşaqların və gənclərin sosial mediadan istifadəsi ilə bağlı iki fərqli yanaşma irəli sürülüb. Birinci variantda sosial media platformalarından istifadə üçün minimum yaş həddinin 13 yaş müəyyənləşdirilməsi təklif olunur. Bununla yanaşı, 13 yaşdan kiçik uşaqların yalnız təhlükəsiz və aşağı riskli olduğu sübuta yetirilmiş xidmətlərdən istifadə etməsinə imkan verən hüquqi mexanizmlərin yaradılması tövsiyə edilir.
Sənəddə həmçinin 13-18 yaş aralığında olan yeniyetmələr üçün mərhələli müdafiə tədbirlərinin tətbiqinə çağırış edilir.
İkinci variant isə yaş məhdudiyyətləri tətbiq etmək əvəzinə, müəyyən xidmət və funksiyaların uşaqlar və yeniyetmələr üçün risk yaratdığı hallarda onların istifadəsinə məhdudiyyət qoyulmasını nəzərdə tutur. Bu məqsədlə müvafiq müddəaların Avropa Birliyinin Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsinə daxil edilməsi təklif olunur.
Komissiya təhsil müəssisələrində mobil telefon istifadəsi ilə bağlı da bir sıra tövsiyələr irəli sürüb. Hesabata əsasən, 7-ci sinfə qədər dərs və tənəffüslər zamanı mobil telefonlardan şəxsi məqsədlərlə istifadə qadağan edilməli, 8-ci sinifdən etibarən isə məktəblər şagirdlərlə birlikdə məcburi istifadə qaydaları hazırlamalıdır.
Sənəddə vurğulanır ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün sosial media şirkətləri, valideynlər, məktəblər və dövlət qurumları daha böyük məsuliyyət daşımalıdır.
