Müəllif:Mehin Qasımova,Banco.az
Almaniya Federal Statistika İdarəsi (Destatis) "İşçi Qüvvəsi Sorğusu" üçün 2024-cü il məlumatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, Almaniyanın təxminən 40,9 milyon işçi qüvvəsinin 9,8 milyondan çoxu 55-64 yaş arası insanlardır.
Bu yaş qrupunun ümumi məşğulluqda payı 24 faizə çatıb ki, bu da bütün Aİ üzv dövlətləri arasında ən yüksək səviyyədir. Eyni dövrdə Aİ üzrə orta göstərici 20,1 faiz olaraq qeydə alınıb.
Aİ ölkələri arasında müqayisə apardıqda, Almaniyanı 23% ilə İtaliya və 22,3% ilə Bolqarıstan izləyir.
Maltada yaşlı işçilərin nisbəti ən aşağı səviyyədədir - 10,8%, Lüksemburqda (12,8%) və Polşada (15,2%) isə yaşlı işçilərin nisbətinin aşağı olduğu digər ölkələr sırasındadır.
Destatis öz açıqlamasında bildirib ki, Almaniyada yaşlı işçilərin yüksək nisbətinin əsas səbəbi getdikcə qocalan əhalidir. Bundan əlavə, bu ölkədə insanlar getdikcə daha gec təqaüdə çıxırlar.
2024-cü ildə həm kişilər, həm də qadınlar üçün orta pensiya yaşı 64,7 idi, halbuki 2004-cü ildə qadınlar üçün 63, kişilər üçün isə 63,1 yaş idi. Qeyd edilib ki, əvvəllər 60 yaşında təqaüdə çıxmağa icazə verən erkən pensiya proqramlarının tədricən aradan qaldırılması da bu artıma səbəb olub.
