AİF 15 829 ipoteka krediti verib | Banco.az

AİF 15 829 ipoteka krediti verib

AİF-in agent bankları 2006-2014-cü illərdə 632,5 mln. manata yaxın ipoteka krediti veriblər

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-2014-cü illərdə 15 829 ipoteka krediti veriblər. Bu barədə AİF-in saytında dərc edilmiş məlumatda bildirilir.

Fondun məlumatına görə, 2006-2014-cü illərdə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 632 mln. 463,54 min manat təşkil edib.

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

2013-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 112,9 mln. manat təşkil edib.