Aİ Ukraynaya 90 milyard avro maliyyə dəstəyi verəcək | Banco.az

Aİ Ukraynaya 90 milyard avro maliyyə dəstəyi verəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Parlamenti (AP) Ukraynaya 90 milyard avro məbləğində Avropa İttifaqı (Aİ) dəstək kreditinin verilməsi üçün genişləndirilmiş əməkdaşlıq prosedurunun tətbiqini təsdiqləyib.

Banco.az xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında Ukraynanın 2026–2027-ci illər üçün maliyyə ehtiyaclarının qarşılanması məqsədi daşıyan dəstək kreditinin ayrılması müzakirə olunub. Səsvermə nəticəsində Aİ Şurasının qərarı 499 lehinə, 135 əleyhinə səslə qəbul edilib.

Ukraynaya maliyyə dəstəyi ilə bağlı qərar dekabrın 18-də Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsində qəbul edilmişdi. Lakin Çexiya, Macarıstan və Slovakiya bu kredit paketini dəstəkləmədiyi üçün prosesin digər üzv dövlətlər arasında əməkdaşlığa imkan verən genişləndirilmiş əməkdaşlıq proseduru çərçivəsində davam etdirilməsi qərara alınıb.

Aİ qaydalarına əsasən, bu prosedurun tətbiqi üçün Avropa Parlamentinin razılığı tələb olunur və bu şərt hazırkı səsvermə ilə yerinə yetirilib.

Məlumata görə, Avropa İttifaqı kapital bazarlarından 90 milyard avroluq birgə borc cəlb etməyi və bu vəsaiti növbəti iki il ərzində Ukraynanın maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.