Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ ilə Böyük Britaniya arasında rəqabət əməkdaşlığı müqaviləsi imzalanıb.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə İngiltərə rəqabət sahəsində əməkdaşlığı tənzimləyən, aydın və konkret çərçivə müəyyən edən Aİ–İngiltərə Rəqabət Əməkdaşlığı Sazişini imzalayıb.
Aİ Komissiyasının yaydığı açıqlamada bildirilib ki, saziş hər iki tərəfin daxili təsdiq prosedurlarını tamamlamasından sonra qüvvəyə minəcək.
Sənəd İngiltərənin Aİ-dən ayrılmasından (Breksit) sonra rəqabət sahəsində əməkdaşlığa tam şəkildə həsr olunan ilk xüsusi saziş hesab olunur.
Aİ Komissiyası və Aİ-yə üzv dövlətlərin rəqabət qurumları ilə İngiltərənin Rəqabət və Bazarlar Təşkilatı arasında rəqabət məsələləri üzrə əməkdaşlıq üçün yeni və aydın mexanizm formalaşdıran bu sənəd, rəqabət sahəsində ümumi əməkdaşlıq və əlaqələndirmə prinsiplərini müəyyən edən Aİ–İngiltərə Ticarət və Əməkdaşlıq Sazişinə əlavə sənəd xarakteri daşıyacaq.
Sazişə əsasən, Aİ və İngiltərə mühüm antiinhisar və birləşmə araşdırmaları barədə qarşılıqlı məlumat mübadiləsi aparacaq və zəruri hallarda fəaliyyətlərini əlaqələndirəcəklər.
Bundan əlavə, sənəd rəqabət qurumlarının paylaşılmış məlumatların məxfiliyinin qorunması ilə bağlı öhdəliklərini dəqiq şəkildə müəyyənləşdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!
