Müəllif: Mehin Qasımova,Banco.az
Rusiyadan neft idxal edən ölkələr 100 faizə qədər tariflərin ikinci mərhələsinə məruz qalacaqlar.
Banco.az xəbər verir ki, bu sözləri ABŞ Maliyyə Naziri Scott Bessent deyib.
O Çinin Rusiya və İrandan neft idxalının ABŞ və Çin arasında qarşıdakı danışıqlarda gündəm ola biləcəyinə işarə etdi.
Bloomberg-ə danışan Bessent iki ölkə arasında ticarətin yaxşı səviyyədə olduğunu bildirib və müzakirələrin indi milli təhlükəsizliklə bağlı mövzulara keçə biləcəyini vurğulayıb.
"Təəssüf ki, Çin sanksiyalara məruz qalmış İran və Rusiya neftinin ən böyük alıcılarından biridir. Artıq bu məsələləri həll etməyin vaxtı çatıb", - Bessent CNBC-yə bildirib.
Bessent ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına eyham vurub. Xəzinədarlıq naziri deyib ki, sanksiyalara məruz qalan Rusiya neftini alan ölkələr 100%-ə qədər tariflərin ikinci mərhələsinə məruz qalacaqlar.
Digər tərəfdən, Bessent ABŞ prezidenti Trampın bu məsələyə yeni yanaşma gətirdiyini və avropalı müttəfiqlərin də ABŞ-ı izləməli olduğunu bildirib.
Tramp ötən həftə Rusiya-Ukrayna müharibəsi ilə bağlı 50 gün ərzində razılaşma əldə olunmasa, “çox sərt tariflər” tətbiq edəcəyini açıqlamışdı. Trampın bəyanatına görə, bu tariflər 100%-ə çata bilər.