Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısında yer alan Rusiyanın “Lukoil” şirkətinə ölkə xaricindəki yanacaqdoldurma məntəqələri ilə bağlı müəyyən əməliyyatları həyata keçirmək üçün verilən icazənin müddətini 24 aprel 2027-ci ilədək uzadıb.
Banco.az xəbər verir ki, nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bununla bağlı yeni ümumi lisenziya yayımlayıb.
Lisenziyaya əsasən, “Lukoil” Rusiyadan kənarda fəaliyyət göstərən fiziki pərakəndə yanacaqdoldurma məntəqələri üçün mal və xidmətlər ala, eləcə də həmin məntəqələrin saxlanılması, istismarı və ya fəaliyyətinin dayandırılması ilə bağlı adi və zəruri əməliyyatlar apara biləcək. İcazə 24 aprel 2027-ci ilədək qüvvədə olacaq.
Xatırladaq ki, ABŞ administrasiyası 22 oktyabr 2025-ci ildə Rusiyanın iki böyük neft şirkəti — “Rosneft” və “Lukoil”i, həmçinin onların törəmə müəssisələrini sanksiya siyahısına daxil edib.
ABŞ Maliyyə Nazirliyi daha əvvəl, 4 dekabr 2025-ci ildə də “Lukoil”in Rusiyadan kənardakı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti, texniki xidməti və bağlanması ilə bağlı müəyyən əməliyyatlara icazə verən ümumi lisenziya təqdim etmişdi.
