ABŞ İrana qarşı sanksiyaları gücləndirdi | Banco.az

ABŞ İrana qarşı sanksiyaları gücləndirdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə Nazirliyi İranın müdafiə sənayesi üçün həssas texnikanın tədarükü və daşınması ilə məşğul olan bir nəfər və səkkiz şirkəti sanksiyalar siyahısına əlavə edib.

Banco.az xəbər verir ki, ötən gün Ağ Evdən verilən açıqlamada bildirilib ki, ABŞ Prezidenti Donald Tramp İrana hücum edib-etməmək barədə qərarı iki həftə ərzində verəcək. Bu açıqlamadan sonra ABŞ-dan diqqətçəkən bir addım gəlib.

İRANIN ƏSAS SEKTORUNA SANKSİYA

ABŞ Xəzinədarlıq Nazirliyindən verilən açıqlamada İranın müdafiə sənayesi üçün həssas avadanlıq və maşınlar təmin edən təşkilatların hədəf alındığı bildirilib.

Açıqlamada qeyd olunub ki, İranın müdafiə sənayesi üçün həssas maşınların tədarükü və daşınmasında iştirak etdikləri üçün 1 fiziki şəxs və 8 şirkət sanksiya siyahısına əlavə olunub.

Bundan əlavə, mərkəzi Honkonqda yerləşən “Unico Shipping” şirkətinə məxsus bir gəmiyə də sanksiya tətbiq edildiyi qeyd olunub.

Verilən açıqlamada bu sanksiyalarla İranın raket və digər silah qabiliyyətlərini inkişaf etdirməsinin qarşısını almaq, həmçinin İran İnqilab Keşikçiləri Ordusu və onun dəstəklədiyi qüvvələrin maliyyə resurslarına çıxışını kəsmək məqsədinin güdüldüyü bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram