Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Hörmüz boğazı ətrafında yaranan risklər qlobal enerji bazarı ilə yanaşı, ərzaq təhlükəsizliyi üçün də ciddi təhdidlər yaradır.
Banco.az xəbər verir ki,boğazda nəqliyyatın məhdudlaşması neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olub. Lakin ekspertlər xəbərdarlıq edir ki, paralel olaraq daha təhlükəli bir proses – gübrə təchizatında ciddi pozuntular baş verir.
Bildirilir ki, Körfəz regionu müasir kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyan gübrələrin əsas tədarükçülərindən biridir. Xüsusilə karbamid kimi geniş istifadə olunan gübrənin böyük hissəsi bu marşrut vasitəsilə dünya bazarına çıxarılır. Nəqliyyatın dayanması isə qlobal kənd təsərrüfatını həssas vəziyyətə salıb.
Mütəxəssislərin fikrincə, bu prosesin yaz əkin mövsümünə təsadüf etməsi vəziyyəti daha da ağırlaşdırır. Şimal yarımkürəsində fevral–may aylarını əhatə edən əkin dövründə gübrə çatışmazlığı məhsuldarlığa birbaşa təsir göstərə bilər. Artıq bəzi bazarlarda, o cümlədən ABŞ-da gübrə təchizatında ciddi azalmalar müşahidə olunur.
Hesablamalara görə, Körfəz regionu dünya gübrə istehsalının təxminən 20 faizini, qlobal karbamid tədarükünün isə 40 faizdən çoxunu təmin edir. Bu marşrutda yaranacaq uzunmüddətli fasilələr qlobal gübrə ticarətinin əhəmiyyətli hissəsini iflic edə bilər.
Analitiklərin məlumatına görə, Asiya ölkələri bu tədarükdən ən çox asılı olan regiondur. Hindistan gübrə idxalının böyük hissəsini Yaxın Şərqdən təmin edir, Braziliya isə ehtiyacının demək olar ki, hamısını idxal hesabına ödəyir və bunun mühüm hissəsi məhz bu marşrutdan keçir.
Ekspertlər xəbərdarlıq edir ki, dünyanın əsas ərzaq istehsalçıları olan Hindistan, Braziliya və Çin gübrə çatışmazlığı səbəbindən istehsal gücünü itirə bilər. Bu isə düyü, buğda və soya kimi əsas məhsulların qlobal təklifinə mənfi təsir göstərəcək.
Qeyd olunur ki, Hörmüz boğazında yaranan böhran təkcə enerji məsələsi deyil. Bu proses qlobal ərzaq təchizatına təsir göstərərək qiymətlərin artmasına və xüsusilə idxaldan asılı ölkələrdə qida çatışmazlığı riskinin yüksəlməsinə səbəb ola bilə
