Müəllif: Mehin Qasımova,Banco.az
ABŞ Ticarət Nazirliyi 2025-ci ilin yanvar-mart dövrü üçün Ümumi Daxili Məhsula (ÜDM) dair yekun məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, müvafiq olaraq, ABŞ-da ÜDM ilin birinci rübündə illik hesablamada 0,5 faiz azalıb. Ölkə iqtisadiyyatı 2022-ci ilin birinci rübündən bəri ilk dəfə kiçildi.
Aprel ayında açıqlanan ABŞ ÜDM-i ilə bağlı ilkin məlumatlarda iqtisadiyyatın ilin birinci rübündə 0,3 faiz, may ayında açıqlanan ikinci hesablamada isə 0,2 faiz azalacağı proqnozlaşdırılırdı.
ABŞ iqtisadiyyatı 2024-cü ilin son rübündə 2,4 faiz, keçən il ərzində isə 2,8 faiz artıb. İqtisadiyyatın ilin birinci rübündə daralması idxalın artması və dövlət xərclərinin azalması ilə bağlı olub.
Məlumatlara yenidən baxılması, əsasən, istehlak xərcləri və ixracatda aşağı yönlü düzəlişlərlə bağlı olub.
Bu ilin birinci rübündə fərdi istehlak xərclərinin qiymət indeksinin artımı 3,6 faizdən 3,7 faizə yenidən baxılıb. İndeks əvvəlki rübdə 2,4 faiz artmışdı.
Ərzaq və enerji xərclərini nəzərə almayan əsas şəxsi istehlak xərcləri qiymət indeksində artım da 3,4 faizdən 3,5 faizə yüksəldilib. İndeks əvvəlki rübdə 2,6 faiz artmışdı.