Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Hörmüz boğazı ilə bağlı yeddi ölkə ilə danışıqlar aparır.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı bir neçə ölkə ilə təhlükəsizlik əməkdaşlığı məsələsini müzakirə edir.
Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda təxminən yeddi ölkə ilə danışıqlar aparılır. Məqsəd neft tankerlərinin strateji boğazdan təhlükəsiz şəkildə keçidini təmin etmək üçün birgə tədbirlər görməkdir.
O bildirib ki, bu ölkələr enerji resurslarını əsasən həmin marşrut vasitəsilə əldə etdikləri üçün təhlükəsizliyin qorunmasına töhfə verməlidirlər.
Tramp vurğulayıb ki, bu məsələ təkcə ABŞ-ın məsuliyyəti olmamalıdır:
“Onlar enerjilərini buradan alırlar. Mən həqiqətən istəyirəm ki, bu ölkələr gəlib öz ərazilərini qorusunlar və bizə dəstək versinlər”, – deyə o bildirib.
ABŞ prezidenti xüsusilə Çin-in də bu prosesdə iştirak etməli olduğunu qeyd edib. Onun sözlərinə görə, Pekin böyük həcmdə nefti məhz Hörmüz boğazı vasitəsilə idxal edir və bu dəhlizin təhlükəsizliyinin təmin edilməsində maraqlı olmalıdır.
Tramp sual edərək bildirib: “Hörmüz boğazı əslində Çin və bir çox başqa ölkələr üçün mövcuddur. Bəs niyə onu yalnız biz qoruyuruq? Niyə onlar da bu işdə iştirak etmirlər?”
Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən mühüm enerji nəqliyyat marşrutlarından biri hesab olunur və qlobal neft tədarükünün böyük hissəsi məhz bu strateji dəhlizdən keçir. Yaxın Şərqdə artan gərginlik fonunda boğazın təhlükəsizliyi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
