ABŞ dollarının 241 yaşı var: Necə qlobal valyutaya çevrildi? | Banco.az

ABŞ dollarının 241 yaşı var: Necə qlobal valyutaya çevrildi?

Müəllif:Mehin Qasımova,Banco.az

Bu gün ABŞ dolları təkcə Amerika iqtisadiyyatında deyil, həm də qlobal maliyyə sistemində əsas rol oynayan valyutalardan biridir.

Banco.az xəbər verir ki, ABŞ dollarının rəsmi tarixinin əsası 6 iyul 1785-ci ildə qoyulub. Həmin gün Kontinental Konqres dolları ABŞ-ın rəsmi pul vahidi elan edib və bununla da ölkə öz milli valyutasını qəbul edən ilk dövlətlərdən biri olub.

"Dollar" adı isə daha qədim tarixə malikdir. Bu söz XVI əsrdə Avropada dövriyyədə olan gümüş "taler" sikkəsinin adından yaranıb və zamanla ingilis dilində "dollar" formasını alıb. ABŞ Konstitusiyasının qəbulundan sonra vahid pul sisteminin yaradılması istiqamətində addımlar atılıb, 1792-ci ildə qəbul edilən Coinage Act qanunu ilə ABŞ Zərbxanası yaradılıb və dolların istehsalına başlanılıb.

XX əsrdə, xüsusilə İkinci Dünya müharibəsindən sonra dolların beynəlxalq rolu daha da gücləndi. 1944-cü ildə imzalanan Bretton-Vuds sazişi ilə ABŞ dolları qlobal maliyyə sisteminin əsas ehtiyat valyutasına çevrildi. 1971-ci ildə dolların qızıla birbaşa çevrilməsi dayandırılsa da, o, beynəlxalq ticarət və maliyyədə aparıcı mövqeyini qoruyub saxladı.

Bu gün dollar beynəlxalq ticarət müqavilələrində, banklararası köçürmələrdə və dövlətlərin valyuta ehtiyatlarında geniş istifadə olunur.

Hazırkı hesablamalara görə, dünya valyuta ehtiyatlarının təxminən 60 faizi ABŞ dollarında saxlanılır.

Beynəlxalq ödənişləri asanlaşdıran SWIFT sistemində həyata keçirilən əməliyyatların da təxminən yarısı ABŞ dolları ilə aparılır.

Son illərdə bəzi ölkələr milli valyutalarından istifadə etməklə ticarəti genişləndirməyə çalışır, dolların qlobal üstünlüyünün azalması ilə bağlı müzakirələr aparılır. Buna baxmayaraq, hazırda heç bir digər valyuta ABŞ dollarını beynəlxalq ehtiyat və hesablaşma valyutası kimi tam əvəz edə bilməyib.

İqtisadi böhranlar və geosiyasi gərginlik dövrlərində investorlar hələ də dolları ən etibarlı aktivlərdən biri hesab edirlər. Bu səbəbdən ABŞ dolları qlobal maliyyə sistemində aparıcı mövqeyini qorumaqda davam edir.