"ABŞ nəzərə almalı olacaq ki, dünyada dollara inam azalıb, uzun illərdir ki, valyutanın rolu zədələnib".
Banco.az xəbər verir ki,bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda BRİKS sammitində iştirakından sonra deyib.
Nazir qeyd edib ki, demokratlar dövründə ABŞ dolların qlobal iqtisadiyyatda və qlobal maliyyə sistemindəki mövqeyindən kobud şəkildə sui-istifadə etməyə başlayıb.
"Əbəs yerə deyildi ki, inauqurasiyaya hazırlıq dövründə Donald Tramp Co Baydeni və onun administrasiyasını uzun illər dolların rolunu zəiflətməkdə birbaşa ittiham etdi. İndi biz ona inamın azaldığını nəzərə almalıyıq. Əslində, bu, doğrudur", - Lavrov qeyd edib.
Trampın BRİKS siyasətini dəstəkləyən ölkələrə əlavə 10 faizlik ticarət tarifləri tətbiq ediləcəyi ilə bağlı xəbərdarlığına münasibət bildirən nazir bunun ABŞ-ın irəli sürdüyü qloballaşma modelinin fəaliyyətinin sona çatdığını bir daha təsdiqlədiyinə diqqət çəkib:
“Prezident Tramp öz məqsədlərini gizlətmir. O, ABŞ-ın maraqlarını — ilk növbədə iqtisadiyyat, investisiyalar və ticarət sahəsində — açıq şəkildə müdafiə edir. Bu isə bir daha göstərir ki, ABŞ-ın neoliberal kontekstdə uzun illər təbliğ etdiyi və müəyyən dövr ərzində diplomatiyasına rəhbərlik etdiyi, lakin hər kəs tərəfindən qəbul edilməyən qloballaşma modeli artıq iflasa uğramaqdadır.”