Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də yeni ev satışları gözlənilmədən kəskin şəkildə aşağı düşüb.
Banco.az xəbər verir ki, may ayında ABŞ-də yeni fərdi yaşayış evlərinin satışı aylıq müqayisədə 7,3 faiz azalaraq 580 minə enib. "Bloomberg" analitikləri satışların 640 min səviyyəsində olacağını proqnozlaşdırırdılar. Aprel ayında isə yeni ev satışları 5,2 faiz azalaraq 622 min təşkil etmişdi.
Yeni yaşayış evlərinin median satış qiyməti ötən illə müqayisədə demək olar ki, dəyişməyərək 424 min 900 dollar olub. Tikinti şirkətlərinin daha kiçik evlərə üstünlük verməsi və mənzil əlçatanlığını artırmaq məqsədilə qiymətləri aşağı salması nəticəsində ev qiymətləri 2023-cü ildən etibarən ümumilikdə azalma meyli nümayiş etdirib.
"Bloomberg Intelligence"in analitiki Dru Ridinq iyunun 22-də yayımladığı qeyddə bildirib ki, zəif tələbat, eləcə də torpaq və tikinti materiallarının bahalaşması il ərzində tikinti şirkətlərinin mənfəətinə təzyiq göstərməyə davam edəcək. Bununla yanaşı, onun fikrincə, mənfəət marjaları nəhayət 2026-cı ildə ən aşağı səviyyəsinə çata bilər.
May ayında satışa çıxarılan yeni yaşayış evlərinin təklifi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq 496 minə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!
