Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-dan “green card” müraciətlərinə yeni məhdudiyyətlər.
Banco.az xəbər verir ki, ABŞ müvəqqəti viza ilə ölkədə olan əcnəbilərin daimi yaşayış icazəsi hesab edilən “yaşıl kart” müraciətlərini, zəruri hallar istisna olmaqla, yalnız öz ölkələrindən etmələrini məcburi qaydaya salıb.
ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) sosial şəbəkə hesabında yaydığı açıqlamada qanuni daimi yaşayış statusu verən yaşıl kart müraciətləri ilə bağlı yeni qaydanı elan edib.
Açıqlamada bildirilib ki, sözügedən qərar “sistemdəki boşluqlardan istifadə olunmasının” qarşısını almaq məqsədilə qəbul edilib. Bununla yanaşı, daimi yaşayış icazəsi rədd edilən şəxslərin ölkədə qanunsuz şəkildə qalmasının qarşısının alınmasının hədəfləndiyi vurğulanıb.
“USCIS”in açıqlamasında tələbə, müvəqqəti iş və turist vizası ilə ABŞ-yə gələn şəxslərin ölkəyə müəyyən müddət və konkret məqsəd əsasında daxil olduqları qeyd edilib.
Açıqlamada, “Sistem bu şəxslərin səfərləri başa çatdıqdan sonra ölkədən ayrılmaları üçün nəzərdə tutulub. Onların səfərləri yaşıl kart prosesinin ilk mərhələsi kimi qiymətləndirilməməlidir” ifadələrinə yer verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
