Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Ştatlar Rusiya qazının Avropaya tədarükünü əvəz etməyi, həmçinin qitəni neftlə təmin etməyi və nüvə reaktorları inşa etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bunu ABŞ-ın Energetika Nazirliyinin rəhbəri Kris Rayt CNBC-yə açıqlamasında bildirib.
“ABŞ-ın Rusiya qazının dəyişdirilməsini başa çatdırması üçün Avropada artan tələbat var. Biz LNG ixracını artıracağıq, neft və neft məhsullarının ixracını da artıracağıq. Və son nəticədə Avropaya nüvə texnologiyası və yeni nüvə reaktorları gətirəcəyik”, – deyə o qeyd edib.
Raytın sözlərinə görə, Avropa 2026-cı ilin sonuna qədər Rusiya qazının alınmasını tamamilə dayandırmağı planlaşdırır: “2027-ci il yanvarın 1-dən etibarən Rusiya qazı Avropaya verilməyəcək”.
Xatırladaq ki, bu ilin yazında Avropa Komissiyası 2027-ci ilin sonuna kimi Aİ ölkələrinə Rusiya nefti və qazının alınmasını tamamilə qadağan etmək planını təqdim edib. Qadağa hətta Ukraynada münaqişə başa çatsa belə qüvvədə qalacaq. Hazırda Avropa Komissiyası Rusiyanın nüvə texnologiyası və nüvə yanacağının qadağan edilməsinə dair analoji plan üzərində işləyir və sənədin oktyabrda təqdim olunacağı gözlənilir.