11 yaşlı şahmatçı tarix yazdı: 36 illik rekordu qırdı | Banco.az

11 yaşlı şahmatçı tarix yazdı: 36 illik rekordu qırdı

Müəllif:Mehin Qasımova,Banco.az

Böyük Britaniyanı təmsil edən 11 yaşlı şahmatçı Bodhana Sivanandan qadınlar arasında ən gənc Beynəlxalq Usta (IM) olmaq üçün tələb olunan normaları tamamlayaraq şahmat tarixində yeni rekorda imza atıb.

Banco.az xəbər verir ki, o, 1988-ci ildən bəri macar şahmatçı Judit Polqarın əlində olan rekordu yeniləyib.

“ The Guardian” qəzetinin məlumatına görə, Bodhana bu nailiyyətə oktyabrın 23-də Monteneqronun Budva şəhərində keçirilən Avropa Klub Kubokunun son turunda isveçli şahmatçı Viktoriya Yohanssonu məğlub etməklə nail olub.

O, turnirdə keçirdiyi yeddi oyunda 5,5 xal toplayaraq Beynəlxalq Usta titulunu qazanmaq üçün tələb olunan üçüncü və son normanı yerinə yetirib. Bununla yanaşı, şahmatçının reytinqi də tələb olunan 2400 xal həddini keçib.

Qeyd edək ki, Bodhana Beynəlxalq Usta normalarını yerinə yetirən ən gənc şahmatçıların ümumi siyahısında yeddinci yerdə qərarlaşıb.