Bank Respublika və AccessBank səhmdarları Bank Respublikanın AccessBank səhmlərinin 100 faizini əldə etməsi ilə bağlı strateji əməliyyatın əsas şərtlərini təsdiqləyiblər. Əməliyyatın 2026-cı ilin noyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Əməliyyatın bir hissəsi olaraq, mövcud AccessBank səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən yeni buraxılmış imtiyazlı səhmləri əldə etməklə Bank Respublikanın səhmdarlarına çevriləcəklər.
Səhm alışı başa çatdıqdan sonra Bank Respublika və AccessBank əvvəlcə ayrı banklar kimi fəaliyyətini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşməsi müvafiq tənzimləyici tələblərə uyğun olaraq həyata keçiriləcək. Hər iki bank sabitliyi ilə seçilən ölkənin aparıcı bankları arasındadır. Planlaşdırılan birləşmə, bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək üçün səhmdarlar tərəfindən qəbul edilən birgə biznes qərarını əks etdirir.
Bank Respublika və AccessBank oxşar korporativ mədəniyyətlərə və biznes modellərinə malikdirlər. Hər iki bank Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarların dəstəklənməsinə xüsusi diqqət yetirir. Bu əməliyyat daha geniş əməliyyat miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik maliyyə qurumu yaradacaq və müştərilərinə daha böyük imkanlar təqdim edəcək. Bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.
Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
“Bu əməliyyat, Bank Respublikanın inkişafında yeni və mühüm mərhələnin başlanğıcını qeyd etməklə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, eləcə də sahibkarlığa və özəl sektorun inkişafına göstərdiyi güclü və ardıcıl dəstəyi əks etdirir.”
Bu mühüm mərhələyə gətirib çıxaran uzun və mürəkkəb proses boyunca davamlı dəstəyinə və konstruktiv əməkdaşlığına görə Azərbaycan Respublikası Mərkəzi Bankına dərin minnətdarlığımızı bildiririk .
Beynəlxalq maliyyə qurumları uzun illərdir ki, Bank Respublikanın mühüm tərəfdaşları olub və maliyyələşdirmə, ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə veriblər. İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə qurumlarını Bank Respublikanın səhmdarları kimi qəbul etməkdən və bununla da uzunmüddətli tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaqdan xüsusilə məmnunuq.
AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk bildirib:
"2018-2019-cu illərdə AccessBank-ın beynəlxalq institusional kreditorları Bankı uğurla yenidən strukturlaşdırmaq və kapitallaşdırmaq üçün birləşdilər. Asiya İnkişaf Bankı (AİB) və responsAbility-nin rəhbərliyi ilə aparılan yenidən strukturlaşdırma nəticəsində institusional kreditorlar yeni səhmdarlar oldular, Bankın korporativ idarəetməsi gücləndirildi və əməliyyatlarının hərtərəfli yenidən qurulması və təkmilləşdirilməsi dəstəkləndi."
O vaxtdan bəri, AccessBank yüksək məhsuldar, güclü və yaxşı idarə olunan bir maliyyə qurumuna çevrilərək, Azərbaycan bank sektorunun inkişafına, eləcə də ölkə daxilində sahibkarların və bizneslərin maliyyələşdirilməsinə əhəmiyyətli töhfələr verib.
Bu gün biz bu inkişaf səyahətinin növbəti vacib mərhələsinə qədəm qoyuruq. AccessBank-ın beynəlxalq səhmdarları Azərbaycanda özəl və maliyyə sektorlarının inkişafına uzunmüddətli sadiqliklərini qoruyaraq, Bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə qurumlarından biri olan Bank Respublikaya həvalə edirlər. Bir-birini tamamlayan iki güclü bankın birləşməsi gələcək artım, əməliyyatların genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə üçün möhkəm təməl yaradır.
Bu mühüm mərhələyə çatmaq AccessBank və onun səhmdarlarının, Bank Respublika və onun səhmdarlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının ortaq vizyonu, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Həmçinin, fədakarlığı və peşəkarlığı ilə Bankın uğurlu transformasiyasında mühüm rol oynayan AccessBank rəhbərliyinə və işçi heyətinə səmimi təşəkkürümü bildirmək istərdim.
Hər iki bankın ictimaiyyəti, müştəriləri və tərəfdaşları, eləcə də digər maraqlı tərəflər satınalma və birləşmə prosesinin gedişatı barədə müntəzəm olaraq məlumatlandırılacaqlar.
