"Yerli istehsal ərzaq təhlükəsizliyinin açarıdır" – İqtisadçı | Banco.az

"Yerli istehsal ərzaq təhlükəsizliyinin açarıdır" – İqtisadçı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Müasir qlobal iqtisadiyyatda hər bir ölkə üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi və daxili istehsalın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Son illərdə qlobal bazarlarda baş verən iqtisadi dəyişikliklər, istehsal xərclərinin artması və idxaldan asılılığın yaratdığı risklər yerli istehsalın inkişafının vacibliyini daha da ön plana çıxarır.

 Məsələ barədə iqtisadçı Elman Sadıqov danışıb. Banco.az xəbər verir ki, iqtisadçı bildirib ki,  növbəti illər ərzində qlobal iqtisadiyyatda tətbiq olunacaq siyasətlər hər bir ölkənin özünün ərzaq təhlükəsizliyini daxili istehsal hesabına təmin etməyi zəruri edir.

“2024-cü il ərzində ölkəyə idxal olunan əsas malların miqdar və statistikasına nəzər yetirsək görərik ki,  kərə, bitki yağları, süd və qaymaq üçün ölkədən 400 milyon dollar valyuta çıxıb. Əhalimizin sayını, iqlimi, ölkəmizin maldarlıq sahəsində ənənəvi keçmişini nəzərə aldıqda bu rəqəm yüksəkdir.

Digər tərəfdən isə bu rəqəm hazırda ölkəmizdə istehsalla məşğul olan istər fabriklərimiz, istər idxalçılarımız, istərsə də fərdi fermer təsərrüfatlarımıza istehsal üçün böyük potensial bazarın mövcud olduğunu göstərir. İş adamları ilə olan söhbətlər, ölkədə bu sahədə mövcud düşüncələr və bəzi media orqanlarının iqtisadi məsələlərdə qeyri-müəyyən, bəzən ölkənin iqtisadi siyasəti və inkişafına qarşı yönələn siyasətini təhlil etdikcə ciddi risklərin olduğunu böyük narahatlıq hissi ilə müşahidə etməkdəyik. Hər bir ölkənin valyutasının gücü istehsalın, ixracın böyüklüyü və həcmi ilə ölçülür. İstehsal məşğulluq, idxaldan asılılığın minimum olması deməkdir. Ərzaq istehsalı isə daha zəruridir, vacibdir və ərzaq təhlükəsizliyinin bir nömrəli şərtidir. Növbəti illərdə qlobal iqtisadiyyatda gözlənilən trendlər qiymətlərin, risklərin artacağını, bəzi ölkələrdə müxtəlif səbəblərdən istehsalın azalacağını göstərir”.

İqtisadçı hesab edir ki,  əgər qiymətlər artarsa həmin 400 milyon dollar gələn illərdə 500-600 milyon dollara çata bilər ki, bu da ölkədən lüzumsuz valyuta axını deməkdir.

Elman Sadıqov qeyd edib ki, istehsalın genişlənməsi üçün əsas drayverlərdən biri də daxili istehlak mədəniyyəti, daxili istehsalın təəssübkeşliyidir:

“Yerli istehsalın təbliği və istehlak mədəniyyətinin formalaşması, yerli istehsaldan maksimum istifadəyə çalışmaqla yerli sahibkara dəstək olmaq, məşğulluğun artırılmasına töhfə vermək istiqamətində təbliğat, maarifləndirmə fəaliyyətini həyata keçirmək medianın da əsas vəzifələrindən biridir.

Bazar iqtisadiyyatında yaşayırıq. İstehsal edən sahibkarlardır, istehlak edən əhalidir. Yüksək investisiya tutumlu kərə yağı istehsalı təklif tələblə təmin olunmasa o investisiya riskli olar. Bu isə sahibkarları narahat edə bilər. Biz cəmiyyət olaraq sahibkarlarımıza əminlik hissi verməliyik. Hazırda dövlət istehsala üstünlük verdiyinin mesajını müxtəlif təşviq mexanizmlərini təklif etməklə verir.

Əgər yerli məhsulun istehlakı yüksək olarsa, marja, maya dəyəri aşağı düşəcək, nəticədə qiymətləri idxal məhsullarına qarşı rəqabətli olacaq. Bu mərhələdə dövlət də müxtəlif proteksionist siyasət alətlərini aktivləşdirərək yerli istehsalı idxal təzyiqinə qarşı qoruyur. İstehlak zəif olduqda isə sahibkar da yüksək risk altında qalır, dövlət də ərzaq təhlükəsizliyini risk altına salmamaq üçün proteksionist siyasət alətlərindən istifadə etməyə çəkinir. Daha yüksək istehlak və yerli məhsul təəssübkeşliyi qısa müddətdə nisbətən baha başa gələ bilər, çünki dövriyyə az olduğu üçün maya dəyəri yüksək olur. Lakin orta və uzun müddətdə istehsal artdıqca maya dəyəri azalır, nəticədə daha ucuz və keyfiyyətli yerli məhsul yaranır, məşğulluq artır, büdcəyə daha çox daxilolmalar olur, idxal azalır, ölkədən çıxan valyuta miqdarı düşür, ixrac artarsa ölkəyə valyuta axını təmin edilir və bu da güclü iqtisadiyyat və rifahın formalaşmasına gətirib çıxarır”.