“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin ikinci rübünü 4.9 milyon manat mənfəətlə başa vurdu | Banco.az

“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin ikinci rübünü 4.9 milyon manat mənfəətlə başa vurdu

Yapı Kredi Bank Azərbaycan 2025-ci  ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən rübü uğurla bitirən bankın 2025-ci ilin ikinci rübün sonuna xalis mənfəəti 4.9 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövri ilə müqayisədə bankın faiz gəlirləri 9% artaraq 23.1 milyon manat, qeyri-faiz gəlirləri 19% artaraq 13.6 milyon manat təşkil edib. Ümumilikdə, bankın xalis faiz gəliri 18.7 milyon manat olmuşdur.

Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Bankın kredit portfeli bankın ölkəmizdəki fəaliyyət tarixində ən yüksək səviyyəyə, 384 milyon manata çatmışdır ki, bu keçən ilin sonu ilə müqayisədə 21% artım deməkdir. Bankın biznes kreditləri portfeli 234 milyon manat, istehlak kreditləri portfeli 94 milyon manat, daşınmaz əmlak kreditləri 56 milyon manat təşkil etmişdir.

Bankın depozit portfeli  393 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 295 milyon manat, fiziki şəxslərin depozitləri 98 milyon manat təşkil etmişdir.   Depozit portfelində müşahidə olunan dəyişikliklər əsasən müştəri əməliyyatlarının dinamikası və təbii bazar hərəkətliliyi ilə izah olunur, bu bankın likvidlik göstəricilərinə mənfi təsir etməmişdir

2025-cü ilin 2-ci rübünün yekunlarına dair göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur.

Bankın tutulmalardan sonra məcmu kapitalı 105 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.