Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Walt Disney Şirkət”i dünyanın ən böyük əyləncə və media korporasiyalarından biri kimi tanınır.
Şirkət 2023-cü ildə illik 90,03 milyard dollar gəlir və 208,40 milyard dollar bazar dəyəri ilə film istehsalı sahəsində ilk üçlükdə yer alır.
Banco.az uşaqlığımızdan bu günə kimi bizimlə böyüyən film şirkətini araşdırıb:
“Walt Disney” 1923-cü ildə böyük ümidlərlə Kaliforniyaya köçdü. Onun ilk uğurlu layihəsi "Alisa Möcüzələr Ölkəsində" adlı qısa cizgi filmi idi. Bu, "Disney Qardaşları Cizgi Film Studiyası"nın əsasını qoydu. Daha sonra studiya “Walt Disney Studios” adını aldı.
1927-ci ildən etibarən şirkət yeni cizgi filmlər istehsalına başladı. İlk hit layihələrdən biri "Osvalt Şanslı Dovşan" oldu, lakin daha sonra şirkət hüquqlarını itirdi. Bu hadisədən dərs alan Walt Disney Mickey Mouse obrazını yaratdı və onun bütün hüquqlarını qorumağı bacardı. Mickey-nin ilk çıxışı "Steamboat Willie" sinxron səsli ilk cizgi filmi kimi tarixə düşdü və 1998-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən Milli Film Reyestrinə daxil edildi.
Disney 1937-ci ildə "Snow White and the Seven Dwarfs" ilə ilk tammetrajlı animasiya filmini təqdim etdi. Ardınca "Pinocchio" (1940), "Bambi" (1942) və "Cinderella" kimi klassiklər gəldi. Şirkət təkcə animasiya deyil, həm də böyük büdcəli filmlər sahəsində irəlilədi. "Karib Dənizinin Quldurları: Qərib Dənizlərdə" 1 milyard dollardan çox gəlir əldə edərək Disneyin ən uğurlu filmlərindən biri oldu.
2009-cu ildə Disney, Marvel şirkətini 4 milyard dollara alaraq superqəhrəman janrında liderliyini möhkəmləndirdi. Şirkət həmçinin Lucasfilm (Ulduz Döyüşləri) və Pixar Animation Studios kimi studiyaları da özünə qatdı.
Dünyanın ən böyük və ən məşhur şirkətlərindən biri Disney gəlirlərinə görə ABŞ-nin ən böyük şirkətlərinin 2023-cü il Fortune 500 siyahısında 48-ci yerdə qərarlaşıb. 2023-cü ildə şirkətin Forbes Global 2000-dəki yeri 87 oldu. 2020-ci ilin avqust ayına əsasən səhmlərin təxminən üçdə ikisi iri maliyyə institutlarına məxsusdur.