Vəfat edən şəxsin aliment borcunu kim ödəməlidir? | Banco.az

Vəfat edən şəxsin aliment borcunu kim ödəməlidir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Aliment ailə münasibətlərindən irəli gələn maliyyə öhdəliyidir və əsasən valideynlərin uşaqlara maddi dəstək göstərməsini nəzərdə tutur. Bu öhdəliyin yerinə yetirilməməsi qanunvericilik baxımından nəticəsiz qalmır. Belə ki, aliment ödənilmədikdə məhkəməyə müraciət edilə bilər və məhkəmə borclu şəxsə qarşı müvafiq hüquqi tədbirlərin tətbiqinə qərar verə bilər.

Bu kontekstdə belə bir sual ortaya çıxır: Əgər aliment ödəməli olan şəxs vəfat edərsə, onun üzərində qalan borcun aqibəti necə olur və bu öhdəlik kimin üzərinə düşür?

Hüquqşünas Etibar Qarayev Banco.az-a bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində aliment öhdəliklərinin xitam olunma səbəbləri dəqiq olaraq göstərilmişdir:

"Aliment ödəyən şəxsin vəfat etməsi məhz aliment öhdəliklərinin xitam əsaslarından biridir. Yəni, aliment ödəyən şəxs vəfat etdikdə onun ödəməli olduğu alimentə xitam verilir. Buradan aydın olur ki, növbəti aylar üçün olan ödənişlərin hər hansısa bir formada tutulması həyata keçirilmir.

Bəziləri düşünür ki, şəxsin qoyduğu miras, eləcə də şəxsin vərəsələri həmin o yığılmış borcun ödənilməsini həyata keçirilməlidir. Yəni, daha dəqiq desək, elə düşünürlər ki, yığılan aliment borcu ya şəxsin adında olan əmlaka yönəldilməlidir və yaxud da həmin şəxsin vərəsələrindən tutulmalıdır.

Lakin aliment şəxsi xarakter daşıyan bir vəzifədir. Və şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyil və bu Mülki Məcəllədə öz əksini tapmışdır. Həmçinin Mülki Məcəllənin müvafiq maddəsinə əsasən, miras dedikdə əmlakı miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu nəzərdə tutulur.

Daha da dəqiqləşdirsək, şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələrinə daxil olan aliment də məhz mirasın tərkibinə daxil deyil. Beləliklə, vəfat edən şəxsin yığılıb qalmış aliment borcu həmin mirasdan tutula bilməz".

Bəs bu halda aliment alan şəxs nə edə bilər?

Hüquqşünas qeyd edib ki, həmin uşaqlara (18 yaşına çatmamış) dair ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır: "Və onlar bu halda həmin müavinəti əldə etmək üçün aidiyyatı qurumlara müraciət edə bilərlər. Bununla yanaşı, Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan nəvələr (valideynin maddi gücü yetmədikdə) maddi yardımı əldə edə bilmirlərsə, zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram