Müəllif:Mehin Qasımova,Banco.az
Dünyanın bir çox ölkəsində uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmaq üçün yeni qanunlar hazırlanır.
Banco.az xəbər verir ki, son aylarda uşaqların və gənclərin sosial mediaya çıxışını məhdudlaşdırmaq istiqamətində qlobal miqyasda artan tendensiya müşahidə olunur. Bu təşəbbüslərdə önə çıxan ölkələrdən biri Avstraliyadır. Ölkə 2025-ci ilin dekabr ayında 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan etməklə digər dövlətlər üçün nümunə yaradıb.
Qanuna əsasən, "Facebook", "Instagram", "Snapchat", "Threads", "TikTok", "X2, "YouTube", "Reddit", "Twitch" və "Kick" kimi platformalar məhdudiyyətə daxil edilib. Lakin uşaqlar üçün məzmun təqdim edən "WhatsApp" və "YouTube Kids" bu qaydalardan kənarda saxlanılıb. Hökumət sosial media şirkətlərindən uşaqların platformalara daxil olmasının qarşısını almaq üçün çoxfaktorlu identifikasiya üsullarından istifadə etməyi tələb edir. Qaydalara əməl etməyən şirkətləri 49,5 milyon Avstraliya dollarına qədər cərimə gözləyir.
Digər ölkələr də oxşar addımlar atmağa hazırlaşır. Türkiyə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır.
Danimarka 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını bloklamağı nəzərdə tutur. Hökumət bununla yanaşı yaş təsdiqləmə mexanizmini əhatə edən “rəqəmsal sübut” sistemini tətbiq etməyi planlaşdırır və bu təşəbbüsün 2026-cı ilin ortalarına qədər qanuna çevriləcəyi gözlənilir.
Fransa isə 2026-cı ilin yanvarında parlamentdə 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini qəbul edib. Qanunun qüvvəyə minməsi üçün Senatın təsdiqi gözlənilir. Prezident Emmanuel Makron bu təşəbbüsü uşaqları ekran asılılığı və həddindən artıq istifadə risklərindən qorumaq məqsədilə dəstəkləyir.
Almaniyada da 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi məsələsi müzakirə olunub. Lakin koalisiya tərəfdaşları arasında bu məsələyə tam dəstək hələlik formalaşmayıb.
Bundan əlavə, Yunanıstan 15 yaşdan kiçik uşaqlar üçün oxşar qadağa hazırlayır.
İndoneziya 2026-cı ilin mart ayının əvvəlinə qədər 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır.
Malayziya da oxşar qərarı 2025-ci ilin noyabrında qəbul edib və bu il ərzində tətbiq etməyi planlaşdırır.
