Universiteti yarımçıq qoydu, 25 yaşında milyarder oldu – Avropanın ən gənc milyarderi | Banco.az

Universiteti yarımçıq qoydu, 25 yaşında milyarder oldu – Avropanın ən gənc milyarderi

Müəllif:Mehin Qasımova,Banco.az

25 yaşlı britaniyalı sahibkar Ceyms Dakomb süni intellekt çipləri hazırlayan "Olix" şirkətinin sürətli yüksəlişi sayəsində Avropanın ən gənc öz hesabına milyarderinə çevrilib.

Banco.az xəbər verir ki, şirkətin son investisiya raundunda 312 milyon dollar cəlb etməsindən sonra dəyəri 3,3 milyard dollara yüksəlib. Dakombun şirkətdə təxminən 30 faizlik paya sahib olduğu bildirilir.

Dakomb 2017-ci ildə, hələ yeniyetmə ikən məktəbi yarımçıq qoyaraq beyin monitorinqi texnologiyaları hazırlayan "CoMind" şirkətini qurub. Daha sonra universitet təhsilini də davam etdirməyərək sahibkarlığa fokuslanıb. 2024-cü ildə isə süni intellekt çipləri hazırlayan "Olix" şirkətini yaradıb.

"Olix" cəmi altı ay ərzində bazar dəyərini təxminən üç dəfə artırıb. Şirkət Nvidia-nın üstünlük təşkil etdiyi süni intellekt çipləri bazarında daha sürətli və səmərəli alternativ yaratmağa çalışır. Olix-in hazırladığı texnologiyada məlumatların ötürülməsi üçün fotonik sistemlərdən, yəni işıqdan istifadə olunur. Şirkət bunun enerji sərfiyyatını və gecikməni azaltmağa imkan verəcəyini bildirir.

Olix-ə investisiya edənlər arasında çip dizayn şirkəti "Arm", "Fundomo", "Hudson River Trading", Netflix-in həmtəsisçisi Rid Hastinqs və Böyük Britaniya hökumətinin "Sovereign AI" fondu da var. Şirkət hazırladığı çipləri 2027-ci ildə müştərilərə təqdim etməyi planlaşdırır.

Dakombun sürətli yüksəlişi süni intellekt sektorunda gənc sahibkarların yaratdığı yeni milyarderlər dalğasının nümunələrindən biri hesab olunur. O, hazırda 30 yaşına çatmamış öz sərvətini yaradan ən gənc milyarderlər sırasında yer alır.