UBS 2026-cı ilin sonuna qədər S&P 500 indeksinin 7500 punkta yüksələcəyini proqnozlaşdırır | Banco.az

UBS 2026-cı ilin sonuna qədər S&P 500 indeksinin 7500 punkta yüksələcəyini proqnozlaşdırır

Müəllif - Fərid İslamov - Banco.az

UBS Group-un strateqlərinin proqnozuna görə, ABŞ-ın Standard & Poor’s 500 (S&P 500) fond indeksi 2026-cı ilin sonuna qədər 11%-dən çox artaraq rekord səviyyə olan 7500 punkta çatacaq. Bu barədə Bloomberg məlumat yayıb.

UBS ekspertlərinin fikrincə, növbəti ildə ABŞ-da korporativ mənfəət artımının əsas hərəkətverici qüvvəsi yenidən texnologiya şirkətləri olacaq.

Morgan Stanley analitiki Maykl Uilson qeyd edir ki, ABŞ şirkətlərinin mənfəətində bərpa əlamətləri və qiymətqoyma gücünün artması artıq müşahidə olunur. O həmçinin vurğulayır ki, mənfəət proqnozlarını artıran analitiklərin sayı azaldanlardan artıqdır.

Citigroup məlumatına görə, oktyabrın ortalarından bəri mənfəət proqnozlarını artıran analitiklərin sayı azaldanlardan çoxdur.

Uilson əlavə edib:

“Son vaxtlar bazara Federal Ehtiyat Sisteminin proqnozları və hökumət bağlanması (“şatdaun”) ilə bağlı mənfi xəbərlər təsir edir, lakin bunlar yalnız müvəqqəti çətinliklərdir. 2026-cı il isə mənfəət artımının tonunu müəyyən edəcək güclü bir il olacaq.”

Oppenheimer Asset Management şirkətinin strateqi Con Ştolsfus hesab edir ki, çip istehsalçıları və süni intellekt (AI) sahəsindəki perspektivlərə qarşı bədbinliyə düşmək hələ tezdir.

Onun fikrincə, hazırkı qiymət azalması daha çox mövqelərin qısamüddətli azaldılması ilə bağlıdır, ciddi eniş dövrü ilə yox.