Trampın 175 milyard dollarlıq layihəsi: "Qızıl Qübbə" | Banco.az

Trampın 175 milyard dollarlıq layihəsi: "Qızıl Qübbə"

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp uzun müddətdir haqqında danışdığı nəhəng layihə ilə bağlı Oval Ofisdə açıqlama verib.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 175 milyard dollara başa gələn “Qızıl Qübbə” hava hücumundan müdafiə sisteminin 3 il ərzində tamamlanacağını və hətta kosmosdan atılan raketləri belə tuta biləcəyini açıqlayıb.

"Qızıl Qübbəni rəsmi olaraq elan etməkdən məmnunam. Bu, kosmosa əsaslanan sensorlar və tutucular da daxil olmaqla, yeni nəsil texnologiyaları quruda, dənizdə və kosmosda yerləşdirəcək ən müasir sistem olacaq", - Tramp deyib.

ABŞ prezidenti bu maliyyə ilində sistemin qurulması üçün birinci mərhələdə 25 milyard dollarlıq büdcə ayıracaqlarını, sonrakı maliyyə illərində isə başqa planlaşdırılan xərcləri həyata keçirəcəklərini qeyd edib.

ABŞ-ın bir çox raketdən müdafiə sisteminə malik olduğunu, lakin bu cür “tam müdafiə sistemi”nə hər zaman ehtiyac duyduğunu izah edən Tramp, bəzi əvvəlki prezidentlərin də bu cür müdafiə arxitekturasını yaratmaq istədiklərini, lakin bu gün bunun texnoloji cəhətdən mümkün olduğunu bildirib.

"Bu gün biz bundan qat-qat qabaqcıl texnologiyaya sahibik. O cümlədən hipersəs raketləri, ballistik raketlər və təkmil qanadlı raketlər, bunların hamısı havada məhv ediləcək", - Tramp deyib.