Tramp Kanadanın “Bombardier” şirkətinin təyyarələrinin ABŞ-də satışına qarşı çıxıb | Banco.az

Tramp Kanadanın “Bombardier” şirkətinin təyyarələrinin ABŞ-də satışına qarşı çıxıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Kanadanın aviasiya şirkəti Bombardier-in məhsullarının ABŞ-da satışına icazə verilməyəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, o, Kanadanı ABŞ şirkətlərinin ölkədə fəaliyyətinə mane olmaqda ittiham edib.

Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada Kanadanın "Bombardier" şirkətinin ABŞ bazarındakı fəaliyyəti ilə bağlı sərt mövqe ortaya qoyub.

Tramp Bombardier-in gəlirlərinin 50 faizdən çoxunu ABŞ bazarından əldə etdiyini iddia edib.

O, eyni zamanda şirkətin istehsal etdiyi təyyarələrin kifayət qədər keyfiyyətli olmadığını bildirib.

ABŞ prezidenti Kanadanın Amerika banklarının və şirkətlərinin ölkədə fəaliyyət göstərməsinə müxtəlif yollarla mane olduğunu da iddia edib. Onun sözlərinə görə, "Bombardier" isə ABŞ-dakı alıcılardan, şirkətlərdən və hava limanlarından əhəmiyyətli gəlir əldə edir.

Tramp həmçinin ABŞ-da yerləşən "Gulfstream Aerospace" şirkətinin Kanadadakı fəaliyyətinə maneələr yaradıldığını bildirib. 

Trampın açıqlaması ABŞ və Kanada arasında ticarət münasibətlərində yeni gərginlik ehtimalını artırıb.

Qeyd edək ki, "Bombardier" ABŞ bazarında biznes təyyarələri və digər aviasiya məhsulları ilə fəaliyyət göstərən Kanadanın ən tanınmış şirkətlərindən biridir.