Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp bir çox ölkə ilə tariflərlə bağlı danışıqların aktiv şəkildə davam etdiyini bildirib.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Ağ Evdə sürpriz mətbuat brifinqi keçirib.
ABŞ Prezidenti Donald Tramp Ağ Evin bağçasında sürpriz şəkildə təşkil etdiyi qısa mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.
Tramp bu günə qədər həm Çin, həm Avropa İttifaqı (Aİ), həm də digər ölkələrin gömrük tarifləri vasitəsilə ABŞ-dan sui-istifadə etdiyini bildirərək, "Artıq o günlər geridə qaldı. Bu ölkə artıq ticarətdən itki verməyəcək," deyib.
Hazırda bir çox ölkə ilə gömrük və ticarət razılaşmaları üzrə fəal danışıqlar apardıqlarını qeyd edən Tramp, bu danışıqların nəticəsində bir çox razılaşmalar imzalanacağını və bu razılaşmaların həm ABŞ, həm də digər ölkələr üçün ədalətli olacağını vurğulayıb.
Tramp əlavə edib: "Çinlə ədalətli bir razılaşma imzalayacağıq. Bu, ədalətli olacaq. Hazırda hər şey aktiv şəkildə davam edir. Hər kəs etdiyimiz işin bir parçası olmaq istəyir."
ABŞ Prezidenti bu razılaşmaların ölkədəki gəlirləri artıracağını və ABŞ vətəndaşlarının ödədiyi vergiləri azaltmağa imkan verəcəyini vurğulayıb.
Son günlərdə Tramp həm ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauellə, həm də Çinlə bağlı açıqlamalarının tonunu yumşaltmış və bu da bazarlarda gömrük müharibələrinin həll oluna biləcəyi ilə bağlı nikbin gözləntiləri gücləndirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!